Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycanda qeyri-rezidentlər və dövlət idarəetmə orqanlarının depozitləri nəzərə alınmadan manatla depozitlərin ümumi həcmi 2015-ci il oktyabrın 1-nə 3 906,8 mln. manat təşkil edib ki, bu da sentyabrın 1-nə olan analoji göstəricidən 131,9 mnl. manat və ya 3,4% azdır.
"Report"un Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi hesabata istinadən verdiyi xəbərə görə, cari ilin əvvəli ilə müqayisədə bu göstərici 3 369 mln. manat və ya 46,3%, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 3 060,4 mln. manat və ya 43,9% azalıb.
Qeyri-rezidentlər və dövlət idarəetmə orqanlarının depozitləri daxil olmadan xarici valyutada depozitlərin həcmi isə oktyabrın 1-nə 8 315 mln. manat təşkil edib. Bu, sentyabrın 1-nə nisbətən 127,3 mln. manat və ya 1,5%, ilin əvvəli ilə müqayisədə 4 184,7 mln. manat və ya 101,3%, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 4 549,7 mln. manat və ya 120,8% çoxdur.