Yuxarı

Azərbaycanda "Swish" mobil ödəniş texnologiyasının yerli bazara uyğunluğu araşdırılır

Azərbaycan Banklar Assosiasiyasının ekspert qrupunun növbəti iclası keçirilib

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib. "Report"un Assosiasiyaya istinadən verdiyi xəbərə görə, Ödənis sistemləri üzrə Ekspert Qrupu bankların əhaliyə daha innovativ ödəniş texnologiyalarının təqdim edilməsi və tədbiqi üzrərində daima işləyir, bu sahədə mövcud problemlərin həllinə çalışır.

Hazırda İsveçdə və digər Skandinaviya ölkələrində geniş istifadə olunan "Swish" mobil ödəniş texnologiyasının tətbiqi üzərində müzakirələr aparılır və bu innovasiyanın müştərilərə verə biləcəyi imkanlar nəzərdən keçirilir. "Swish" İsveçdə 2012-ci ildən uğurla tətbiq olunur və hazırda bu mobil ödəniş texnologiyasının aktiv istifadəçilərinin sayı 4 mln. nəfəri keçib.

Bu mobil ödəniş çözümü həm müştərilər arasında bir-birinə vəsait köçürmək, həm də müştəri tərəfindən ticarət obyektinə və ya fərdi satıcıya bir neçə saniyə ərzində ödəniş etmək imkanı verir. Bunun üçün smartphone, bankda hesab və öz adınıza olan mobil nömrəsinin olması yetərlidir. Ödənişlər mobil və ya WiFi internet olan istənilən yerdən həyata keçirilə bilər. Bu mobil tətbiq vasitəsilə istər ölkənin hər hansı ucqar nöqtəsindən, istərsə də xaricdən ödənişlər etmək çox asandır. Eyni zamanda, bu texnologiya elektron və mobil kommersiya ödənişlərini də dəstəkləyir.

ABA-nın nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə Ekspert Qrupunun üzvü Pəri Seyidova bildirib ki, hazırda bu texnologiyanın yerli bazara uyğunluğu imkanları və müvafiq texniki məsələlər müzakirə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi