​Azərbaycanda Sığorta maarifləndirilməsi üzrə Marketinq Planının maliyyə mənbələri açıqlanıb

​Azərbaycanda Sığorta maarifləndirilməsi üzrə Marketinq Planının maliyyə mənbələri açıqlanıb Nəzərdə tutulan tədbirlərin bir qismi Maliyyə Nazirliyi tərəfindən maliyyələşdiriləcək
Maliyyə
19 Noyabr , 2015 11:40
​Azərbaycanda Sığorta maarifləndirilməsi üzrə Marketinq Planının maliyyə mənbələri açıqlanıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) 2016-cı il üçün hazırladığı sığorta maarifləndirilməsi sahəsində Marketinq Planının bir qismi Maliyyə Nazirliyi tərəfindən maliyyələşdiriləcək. "Report"un verdiyi xəbərə görə, bu barədə ASA sədri Orxan Bayramov məlumat verib.

Qeyd edək ki, dekabr ayının sonunda Marketinq Planının hazırlanmasının başa çatdırılması planlaşdırılır. Planın reallaşdırılmasına isə 2016-cı ilin əvvəlində başlanılması nəzərdə tutulub. Burada nəzərdə tutulan tədbirlərin bir qismi Maliyyə Nazirliyi, qalan hissəsi isə ASA və sığorta şirkətləri tərəfindən maliyyələşdiriləcək.

Sığorta maarifləndirilməsi sahəsində Marketinq Planı Azərbaycanda sığorta işinin təbliği, sığortanın faydalarının geniş əhali kütləsinə izahı, eləcə də müxtəlif sığorta növləri barədə məlumatlandırılmasını nəzərdə tutur.

Maarifləndirmə tədbirləri ilkin olaraq insanların ən çox qarşılaşdığı problemlər – məlumatsızlığın aradan qaldırılması, sığortaya inamın yüksəldilməsi və sığorta proseduralarının sadələşdirilməsini əhatə etməlidir. ASA mütəxəssislərinin fikrincə, bu tədbirlər geniş əhali kütləsinin sığortadan istifadəyə marağını artıracaq.

Sığorta maarifləndirilməsi üzrə Marketinq Planında ölkə əhalisinin bütün mümkün vasitələr - TV, radio, internet və çap materialları vasitəsilə sığorta barədə maksimum məlumatlandırılması hədəflənir.

Son xəbərlər

Orphus sistemi