Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları artıb

Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları artıb Vergilər naziri Tədbirlər Planı layihəsinin hazırlanması barədə tapşırıq verib
Maliyyə
16 İyul , 2016 15:48
Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları artıb

Bakı. 16 iyun. REPORT.AZ/ 2016-cı ilin birinci yarımilliyində dövlət büdcəsinə 3 milyard 190.1 milyon manat vəsait toplanaraq proqnoza 102% əməl edilib.

"Report"un verdiyi xəbərə görə, bunu vergilər naziri Fazil Məmmədov vergi orqanlarının cari ilin ilk altı ayının nəticələrinə həsr edilən kollegiya iclasında çıxışında bildirib. 

Qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsinə 2 mlrd. 495,4 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 215,1 mln. manat və ya 9,4% çoxdur. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7 bənd artaraq 78,2% təşkil edib.

Regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi nəticəsində 2016-cı ilin birinci yarımilliyində regionlar üzrə proqnoz tapşırıqları tam həcmdə yerinə yetirilib və ümumilikdə, regionlardan vergi daxilolmaları 275,3 milyon manat təşkil edib.

Nazir bildirib ki, iqtisadiyyatda mövcud olan dinamikanı saxlamaq, ölkənin qarşısında duran sosial-iqtisadi məsələləri həll etmək üçün vergi orqanları daha səmərəli və intensiv işləməlidirlər.

F. Məmmədov qeyd edib ki, onun ötən ilin noyabr ayından kiçik sahibkarlıq subyektlərində vergi yoxlamalarının dayandırılması barədəki əmrindən sonra cari ilin 6 ayı ərzində ümumilikdə vergi nəzarəti tədbirlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə, o cümlədən səyyar vergi yoxlamalarının sayı 2 dəfə, kameral vergi yoxlamalarının sayı 2,6 dəfə, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 7,4 dəfə azalıb.

Kollegiya iclasında cari ilin sonuna kimi real vergi potensialının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi, vergi bazasının genişləndirilməsi, vergi öhdəliklərinə əməl olunması, habelə uçot və risklərin idarə edilməsi sahələrində nəzarətin gücləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi, vergi ödəyicilərinin məlumatlandırılması sahəsində görülən işlərin keyfiyyətinin yüksəldilməsi sahəsində mövcud vəziyyət ətraflı müzakirə edilib.

Vergilər naziri müzakirə edilən məsələlərlə bağlı konkret Tədbirlər Planı layihəsinin hazırlanması barədə tapşırıq verib.

Son xəbərlər

Orphus sistemi