Yuxarı

Azərbaycanda POS-terminalların sayı 25% artıb

Bu il ölkədə 4 157 ədəd yeni POS-terminal quraşdırılıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan ərazisində quraşdırılan POS-terminalların ümumi sayı cari ilin əvvəlindən 5,7% və ya 4 157 ədəd artaraq oktybarın 1-nə 77 170 ədədə çatıb. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, terminalların 62,8%-i və ya 48 478 ədədi Bakı, 37,2%-i və ya 28 692 ədədi regionların payına düşüb. Paytaxtda terminalların sayı ilin əvvəlindən 3,1% azalıb, regionlarda isə əksinə, 25% artıb.

Oktyabrın 1-nə ölkədə əhalinin hər 130 nəfərinə bir POS-terminal düşüb ki, bu da həmin göstəricinin ilin əvvəlindən dəyişməz qalmasını göstərir.

Qeyd edək ki, vegilər naziri Fazil Məmmədov Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında Vergilər Nazirliyinin qarşısında qoyulmuş tapşırıqlara həsr olunmuş kollegiya iclasında çıxışında bildirib ki, bu ilin yanvar-sentyabr ayları ərzində 13 minə yaxın POS-terminal quraşdırılaraq onların ümumi sayı 85 minə çatdırılıb.

Yəni, Vergilər Nazirliyi ilin əvvəlindən 13 min terminal quraşdırıldığını dediyi halda, Mərkəzi Bankın statistikasına əsasən, bu göstərici cəmi 4 157 ədəd olub. Nəticədə, ölkədə quraşdırılan terminalların sayı Vergilər Nazirliyi tərəfindən 7 830 ədəd artıq, yaxud da Mərkəzi Bank tərəfindən bir o qədər az qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi