​Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin strukturu dəyişib

​Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin strukturu dəyişib Ticarət dövriyyəsinin 9%-i geyim, 12%-i meyvə-tərəvəzin payına düşür
Maliyyə
27 Noyabr , 2015 15:49
​Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin strukturu dəyişib

Bakı. 27 noyabr.REPORT.AZ/ Son illər Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin strukturunda dəyişiklik baş verir. Bu ilin yanvar-oktyabr ayları ərzində pərakəndə əmtəə dövriyyəsində qeyri-ərzaq məhsulları az da olsa, üstünlük təşkil edib.

"Report"un verdiyi xəbərə görə, bu barədə Dövlət Statistika Komitəsi şöbə müdirinin müavini Gülbala Quliyev bu gün Komitədə "Ticarət və turizm statistikasına dair məlumatların toplanması metodları və əsas məlumat mənbələri" mövzusunda keçirilən seminarda bildirib.

"Ötən ilədək pərakəndə ticarət dövriyyəsində ərzaq mallarının xüsusi çəkisi yüksək olsa da, 2014-cü ildən daxili ticarətdə ərzaq və qeyri-ərzaq məhsullarının xüsusi çəkisi bərabərləşib. Bu da əhalinin qeyri-ərzaq mallarına daha çox pul xərcləməsi, iqtisadi tərəqqinin göstəricisidir", - şöbə müdirinin müavini qeyd edib.

G.Quliyev bildirib ki, cari ilin ilk 10 ayında pərakəndə əmtəə dövriyyəsində ərzaq məhsullarının pərakəndə satışında illik 10%, qeyri-ərzaq məhsullarında 13,4% artım müşahidə olunub. Pərakəndə ticarətin 45,4%-i ərzaq, 4,5%-i içki,18,1%-i toxuculuq məhsullarının payına düşür.

Şöbə müdirinin müavini əlavə edib ki, elektron ticarət dövriyyəsində də qeyri-ərzaq məhsulları üstünlük (96,3%) təşkil edir. Elektron ticarət dövriyyəsi 2012-ci ildə 1,6 mln. manat təşkil edibsə, cari ilin yanvar-oktyabr aylarında 10,5 mln. manata yüksəlib.

Komitə rəsmisi bildirib ki, pərakəndə ticarət dövriyyəsində geyimin xüsusi çəkisi 9%, meyvənin 6%, tərəvəzin 5,7%, ətin 5,8% təşkil edir.

Son xəbərlər

Orphus sistemi