Azərbaycanda ötən ay 5 662 Yaşıl Kart müqaviləsi bağlanılıb

Azərbaycanda ötən ay 5 662 Yaşıl Kart müqaviləsi bağlanılıb Beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 266 946 manat təşkil edib
Maliyyə
8 Sentyabr , 2017 14:38
Azərbaycanda ötən ay 5 662 Yaşıl Kart müqaviləsi bağlanılıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 5 662 Yaşıl Kart beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

“Report” İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, bunlardan 3 733 müqavilə Türkiyə və İrana, 1 853 müqavilə Rusiya, Moldova və Ukraynaya, 76 müqavilə isə Yaşıl Kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.

Hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 266 946 manat təşkil edib. Yaşıl Kart müqavilələrinin 4975-i minik, 338-i yük, 302-si qoşqu, 43-ü avtobus, 4-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

Hazırda Yaşıl Kart sığorta növü üzrə İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard Insurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

“Yaşıl Kart” beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Bu sistemə əsasən, “Yaşıl Kart” haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hal-hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan 2015-ci il 28 may tarixində sistemə üzv ölkə qismində qəbul edilib və 2016-cı ilin 1 yanvar tarixindən etibarən sistem çərçivəsində fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi