Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda milli valyutanın devalvasiyası kapitalın xaricə axınının qarşısını alacaq - TƏHLİL

    Devalvasiya nəticəsində dövlət faktiki olaraq 5 mlrd. dollar ehtiyatına qənaət edəcək

    Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanda milli valyutanın devalvasiyası dövlət büdcəsinin gəlirlər və xərclər hissəsinə təsirsiz ötüşməyəcək.

    "Report"un analitik qrupu qeyd edir ki, Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsinin mədaxili 19,438 mlrd. manat, məxarici isə 21,1 mlrd. manat səviyyəsində təsdiq edilib. Devalvasiya nəticəsində büdcənin parametrləri ABŞ dolları ifadəsində təxminən 35% dəyərdən düşüb. Nominal olaraq büdcə göstəriciləri manatla dəyişməsə də, real olaraq dollarla azalıb.

    Mədaxilin təhlili göstərir ki, büdcə gəlirlərinin əsasını vergi və gömrük rüsumları, habelə Neft Fondundan transfertlər daxilolmalar təşkil edir. Burada, manatın məzənnəsinin düşməsi gömrük rüsumlarından daxilolmaları ilk hesablamalara görə azaltması gözlənilsə də, rüsumların xarici valyuta ilə hesablanması daxilolmaları nominal olaraq manat ifadəsində sabit saxlayacaq. Yəni, ölkəyə idxal olunan malların həcmi azalsa da, valyuta ilə alınan rüsumlar manat şəklində daxilolmaları tənzimləyəcək. Lakin real olaraq ABŞ dolları şəklində gömrük daxilolmaları azalacaq.

    Vergi daxilolmalarında isə vəziyyət daha gərgin olacaq. İdxal olunan malların həcminin azalması, ümumiyyətlə real olaraq əmək haqlarının azalması idxal olunan mallara tələbi azaldacaq. Yerli mallarda da müvəqqəti qiymət artımının qarşısının alınması bir qədər sonra bahalaşma ilə əvəz olunacaq və məcmu tələb zəifləyəcək. Bu da nəticə etibarı ilə ticarət obyektlərinə mənfi təsir göstərəcək. Həmçinin dövlət bir sıra investisiya layihələrini dayandıracağını açıqlayıb. Bu da öz növbəsində əhalinin gəlirlərinə və vergi ödənişlərinə təsir göstərəcək. Yəni, büdcə gəlirlərinin azalması fonunda xərclərin maliyyələşdirilməsi üçün Neft Fondundan transfertin artırılması tələb olunacaq.

    Büdcənin məxaric hissəsinin təhlili isə göstərir ki, bir cox maddələr üzrə qənaət qaçılmazdır. Əsas xərclərdən biri olan tikinti xərcləri 7 mlrd. manata yaxındır. Burada qənaət ediləcəyi anonsu artıq ilin əvvəlində verilib və ən önəmli qənaətin bu sahədə olacağı istisna deyil. Digər sahələrlə birlikdə büdcədə bu ilin sonuna qədər neftin qiyməti hazırkı səviyyədə qalarsa 2 mlrd. manata yaxın qənaət gözlənilir və məcmu xərclərin 19 mlrd. manata enəcəyi gözlənilir.

    Nəticədə, gəlirlər tərəfi vergi daxilolmalarının müəyyən itki verərək proqnozlaşdırılan 7 mlrd. manatdan 6 mlrd. manata, Neft Fondundan transfertin isə 10,388 mlrd. manatdan təxminən 8,5 mlrd. manata enəcəyi proqnozlaşdırılır. Yəni, dollar ifadəsində transfert 13,2 mlrd. dollardan 8,5 mlrd. dollara qədər azaldılacaq. Faktiki olaraq dövlət 5 mlrd. dollar ehtiyatına qənaət edəcək.

    Milli valyutanın devalvasiyasının daha bir önəmli təsiri tədiyyə balansına olacaq. Mərkəzi Bankın 2014-cü ilin üç rübü ilə bağlı tədiyyə balansı məlumatlarını təhlil etsək, görərik ki, həmin vaxt neftin bir barelinin qiymətinin 110 dollar olmasına baxmayaraq, profisit 1,017 mlrd. dollar təşkil edib. O zaman, neft-qaz sektorunun ixracından əldə edilən gəlirlər 7 mlrd. dollar olub. Neftin qiymətinin hazırda 60 dollar səviyyəsində olmasını nəzərə alsaq, neft-qaz sektorunun ixracından yaranan gəlirlər 3,7 mlrd. dollara enəcək, yəni 47% azalacaq.

    Devalvasiya nəticəsində idxalın da azalması gözlənilir. Amma bu o qədər də yüksək miqdarda olmayacaq. Belə ki, III rübdə qeyri-neft sektorunda idxal 2 mlrd. dollara yaxın olmuşdursa, devalvasiyadan sonra bu rəqəmin 20%-dək azalaraq 1,6 mlrd. dollar səviyyəsinə enməsi gözlənilir. Nəticədə, tədiyyə balansının 2015-ci ilin ilk rübünü 2 mlrd. dollara yaxın kəsirlə bitirməsi ehtimal olunur. Təxminən 8 mlrd. dollara yaxın vəsaitin il ərzində ölkədən kənara çıxması gözlənilir.

    Nəticə etibarilə, devalvasiya xaricə valyuta axını və ehtiyatların azalmasının qarşısını alsa da, iqtisadi artımda isə azalma və inflyasiyanın artmasını gətirəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi