Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanda maliyyə və kredit təşkilatları tərəfindən ev təsərrüfatlarına verilən kreditlərin həcmi illik müqayisədə 21,4% azalaraq 2018-ci il yanvarın 1-nə 4 606,5 mln. manat təşkil edib. Beləliklə, bu sahədə kreditləşmə ölkə üzrə məcmu kredit qoyuluşunun 39,2%-ni əhatə edib.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının illik hesabatına istinadən xəbər verir.
2018-ci il yanvarın 1-nə daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka daxil olmaqla) 1 737,3 mln. manat kredit verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur. Bu sahədə kreditləşmə ölkə iqtisadiyyatına məcmu kredit qoyuluşunun 14,8%-ni əhatə edib.
Qeyd edək ki, 2018-ci il yanvarın 1-nə maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşu 11 757,8 mln. manat təşkil edib. Bunun isə 1 626,7 mln. manatının və ya 13,8%-nin ödəniş vaxtı keçib.