​Azərbaycanda həyat sığortası bazarı 5% artıb

​Azərbaycanda həyat sığortası bazarı 5% artıb Həyat sığortası bazarında aparılan ödənişlər isə 3,8 dəfə artıb
Maliyyə
14 Aprel , 2015 14:29
​Azərbaycanda həyat sığortası bazarı 5% artıb

Bakı. 14 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 23,9%-i və ya 32,25 mln. manatı həyat sığortasının payına düşüb. Ötən ilin eyni dövrünə nisbətən həyat sığortası bazarı təxminən 5,1% böyüyüb.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, həyat sığortasındakı yığımların təxminən 49,8%-i və ya 16,1 mln. manatı həyatın yaşam sığortası, 33,7%-i və ya 10,9 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığorta, 16,1%-i və ya 5,2 mln. manatı həyatın ölüm halından sığortası, cəmi 0,4%-i və ya 126 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Bu 3 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 7,24 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 20,3%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 3,8 dəfə çoxdur.

Həyat sığortası üzrə ödənişlərin təxminən 80,4%-i və ya 5,8 mln. manatı həyatın yaşam sığortası, 10,3%-i və ya 748 min manatı həyatın ölüm halından sığortası, 9,3%-i və ya 676 min manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb. Sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş isə olmayıb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 22,4 manat ödəniş həyata keçirilib. Bu, 2014-cü ilin I rübünə nisbətən təxminən 3,6 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi