​Azərbaycanda hər bir bank üçün ayrıca maliyyə dayanıqlılığı proqramı həyata keçirilir

​Azərbaycanda hər bir bank üçün ayrıca maliyyə dayanıqlılığı proqramı həyata keçirilir Məqsəd banklardakı əmanətlərin daha yaxşı qorunmasını təmin etməkdir
Maliyyə
3 İyul , 2016 23:12
​Azərbaycanda hər bir bank üçün ayrıca maliyyə dayanıqlılığı proqramı həyata keçirilir

Bakı. 3 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ölkədəki hər bir bankın maliyyə dayanıqlılığının gücləndirilməsi üçün fərdi qaydada proqram həyata keçirir. “Report” xəbər verir ki, bu barədə ANS TV-yə müsahibəsində MBNP-nın Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

Onun sözlərinə görə, fərdi proqramların məqsədi banklardakı əmanətlərin daha yaxşı qorunmasını təmin etməkdir: “Biz hər bir bankı qiymətləndirdik. Məlum oldu ki, banklarda iqtisadiyyat və ictimaiyyət üçün kəskin fundamental problemlər yoxdur. Bununla belə, qlobal iqtisadi proseslər gedir. Buna görə də, hər bir bankın maliyyə dayanıqlılığının gücləndirilməsi üçün fərdi proqramlar hazırlanıb, bankların səhmdarları, icra qurumları ilə birgə həyata keçirilir. Bu proqramlar həm əhalinin, həm də biznes strukturlarının banklardakı əmanətlərinin daha yaxşı qorunmasına xidmət edir”.

R. Aslanlı qeyd edib ki, bank sektoru üçün görülən tədbirlər ilin 2-ci yarısında sığorta sektoru üçün də planlaşdırılır.

MBNP-nin rəhbəri manatın təkrar devalvasiyasından sonra kredit ödənişləri ilə bağlı vəziyyətə də aydınlıq gətirib: “Banklar tərəfindən kredit şərtləri yumşaldılıb, kreditlər testruktizasiya edilib. Bu, borc alanların ödəmə imkanlarını artırıb. Doğrudur, bu halda bankların gəlirləri azalıb, amma onlar həm də itkilərdən xilas olurlar. Başqa sözlə, iqtisadi vəziyyətin dəyişməsindən yaranmış itkilər banklarla borcalanlar arasında bölünür. Hazırda biz borclalanların yeni şərtlərlə kreditləri nə dərəcədə intizamla ödədiklərini izləyirik”.

R. Aslanlı bəzi millət vəkillərinin dollar kreditləri ilə bağlı irəli sürdükləri təşəbbüslərə də münasibət bildirib: “Millət vəkillərinin bəzi təşəbbüsləri bizim təşəbbbüslərlə üst-üstə düşür. Bu təşəbbüslər qısamüddətli və uzunmüddətli tədbirlər planında öz əskini tapıb. Müəyyən fikir ayrılıqları da var ki, bunlar barədə deputatların özlərinə və aidiyyəti qurumlara bildirmişik”. 

Son xəbərlər

Orphus sistemi