Yuxarı

Azərbaycanda geniş pul kütləsinin həcmi artıb

Manatla geniş pul kütləsində isə azalma müşahidə olunub

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 2016-cı il yanvarın 1-nə 21 318,6 mln. manat təşkil edib ki, bu da dekabrın 1-nə olan analoji göstəricidən 3 874,1 mln. manat və ya 22,21% çoxdur. 

"Report"un Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi hesabata istinadən verdiyi xəbərə görə, 2015-ci ilin əvvəli ilə müqayisədə bu göstərici 247,8 mln. manat və ya 1,15% azalıb. Qeyd edək ki, Azərbaycanda geniş pul kütləsinin maksimal həcmi 2014-cü ilin noyabrında qeydə alınıb və 21 689,8 mln. manat təşkil edib.

Azərbaycanda manatla geniş pul kütləsi yanvarın 1-nə 8 613,1 mln. manat təşkil edib ki, bu da dekabrın 1-nə nisbətən 436,9 mln. manat və ya 4,83%, ötən ilin əvvəli ilə müqayisədə isə 8 822,7 mln. manat və ya 50,6% azdır. Qeyd edək ki, manatla geniş pul kütləsinin maksimal həcmi 17 525,2 mln. manat təşkil edib və 2014-cü ilin noyabrında qeydə alınıb.

"Report"un analitik qrupu bildirir ki, dekabr ayında manatla geniş pul kütləsində azalma sürətlənib. Buna səbəb dekabrdakı devalvasiya ərəfəsində və sonradan əhalinin manat əmanətlərini xarici valyutaya çevirməsi ilə bağlı olub. Nəticədə geniş mənada pul kütləsi artarkən manatla pul kütləsi azalıb. Bu tendensiyanın yaxın aylarda geri dönməsi gözlənilir. Manatın məzənnəsinin möhkəmlənməsi ilə geniş pul kütləsinin manat ekvivalentində artacağı proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi