Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda 500-dən artıq ipoteka kreditinin yenidən maliyyələşdirilməsi ləngiyir

    Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun xətti ilə verilmiş 500-dən artıq ipoteka kreditinin yenidən maliyyələşdirilməsində problem yaranıb

    Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun (AMF) xətti ilə verilmiş 500-dən artıq ipoteka kreditinin yenidən maliyyələşdirilməsində problem yaranıb. Bu barədə "Report" Fonda istinadən xəbər verir.

    Belə ki, bu günə qədər AMF-nin müvəkkil kredit təşkilatı olan kommersiya bankları 17 997 ipoteka krediti verib. Bunun isə 17 477-si Fond tərəfindən maliyyələşdirilib.

    Başqa sözlə, banklar öz vəsaitləri hesabına verdiyi 520 kreditin pulunu hələ AMF-dən ala bilməyiblər. Azərbaycanda dövlət xətti ilə ipoteka kreditlərinin orta məbləğinin 40 000 manat civarında olduğunu nəzərə alsaq kredit təşkilatlarının Fonddan almalı olduqları məbləğin təxminən 20 mln. manat olduğunu demək olar.

    Məsələ ilə bağlı AMF-dən "Report"a bildirilib ki, yenidən maliyyələşdirmənin ləngiməsi qurumdan asılı deyil və bu vəziyyətin yaranması bankların kreditləşmə ilə bağlı tələblərə əməl etməməsi ilə bağlıdır: "Bəzən banklar kreditin müddətini düzgün müəyyən etmirlər. Kredit verilərkən nəzərə alınmalıdır ki, onun ödənilib qurtarma vaxtı borcalanın pensiya yaşına çatması ilə üst-üstə düşməlidir. Bu da dəqiq ayla hesablanır və fond da ona uyğun hərəkət edir. Bəzən isə banklar borcalanın aylıq gəlirinə, ödəniş qabiliyyətinə uyğun olmayan məbləğdə (lazım olandan çox) kredit verirlər. Təbii ki, bu halda da biz krediti yenidən maliyyələşdirmirik. Son nəticədə həmin kreditlər bankların üzərində qalır".

    Bəzən isə banklar vətəndaşlardan bütün lazımi sənədləri tələb etmirlər. Bununla belə, AMF-dən qeyd ediblər ki, bu, texniki məsələdir və əksər hallarda həllini tapır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi