Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda bu il icbari sığorta ilə bağlı 62,3 min manat kompensasiya ödənilib

    İSB: Yol nəqliyyat hadisələrində sağlamlığına zərər dəyən şəxslərə ödənişlər ilbəil artır

    Bakı.16 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycan İcbari Sığorta Bürosu (İSB) tərəfindən zərərçəkmiş üçüncü şəxslərə 62 250 manat ödəniş verilib. "Report"un verdiyi xəbərə görə, bunu İSB-nin kompensasiya və subroqasiya şöbəsinin müdiri Fatma Nuriyeva jurnalistlərlə görüşündə deyib.

    F.Nuriyeva bildirib ki, 2012-ci ilin aprel ayından etibarən yol-nəqliyyat hadisələri nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslərə kompensasiya ödənişlərinin həyata keçirildiyi vaxtdan indiyədək ödənişlərdə ilbəil artım müşahidə olunur. Bu da maarifləndirmə tədbirlərinin nəticəsidir: "Əgər 2013-cü ildə cəmi 24 kompensasiya tələbi üzrə 54 391,5 manat məbləğində kompensasiya ödənilibsə, 2014-cü ildə Büroya bununla bağlı 81 müraciət daxil olub ki, onlara 253 276 manat kompensasiya ödənişi verilib".

    O qeyd edib ki, ödənişlərin əksəriyyəti zərərçəkənin ölümü ilə əlaqədar olub. Bununla yanaşı, bəzən əsassız tələblər də irəli sürülür: "Bəzən hər hansı texniki səbəbdən icbari sığortası olan avtomobil bizə müraciət edir. Biz bunu araşdırırıq, onu sığorta şirkətinə yönəldirik. Yəni hər iki halda vətəndaş qanundan faydalanır".

    F.Nuriyeva həmçinin vətəndaşları birbaşa İSB-yə müraciət etməyə çağırıb: "Kompensasiya tələb edənlər vasitəçilərə deyil, birbaşa bizə müraciət etməlidir. Vətəndaşlar bəzən vasitəçilər - sığorta agentləri, mühafizə orqanlarında çalışan, yaxud özünü çalışan kimi təqdim edən şəxslər tərəfindən aldadılır, səhv istiqamətləndirilir. Ona görə də maarifləndirməni genişləndirməklə vətəndaşları öz hüquqlarından xəbərdar etməyə çalışırıq".

    Şöbə müdiri qeyd edib ki, gələcəkdə İSB-dakı bütün icbari sığorta növləri üzrə kompensasiya ödənişlərinin verilməsi də mümkün ola bilər. Hazırda bununla bağlı müzakirələr aparılmasa da, bunun gələcəkdə tətbiqi mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi