Yuxarı

​Azərbaycanda bu il bank kapitallaşması 2% azalacaq

Milli valyutanın devalvasiyası kommersiya banklarına neqativ təsir edib

Bakı. 30 iyun. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycan bank sektorunun kredit reytinqini yenidən "Baa3" səviyyəsində təsdiq edib, proqnozu isə "stabil"dən "neqativ"ə salıb.

"Report" xəbər verir ki, "Moody's" bu dəyişikliyi Azərbaycan bank sektorunun əməliyyat mühitində zəifləmə, əsasən də aktivlərin keyfiyyəti, kapital, mənfəət və bankların maliyyələşməsində yaranan mənfi dinamika ilə əsaslandırıb. Bundan başqa, şirkət dünya neft bazarında qiymətlərin azalması və yerli valyutada devalvasiyanı da neqativ hadisə kimi qiymətləndirib.

Agentlik qeyd edib ki, 2014-cü ilin yekununda Azərbaycanda ÜDM-in 37%-i neft sektorunda formalaşıb. Azalan neft qiymətləri isə ölkə iqtisadiyyatına mənfi təzyiq göstərir. "Moody's" bu il neftin orta qiymətinin 55 dollar/barel olacağını, Azərbaycan iqtisadiyyatının isə 1% azalacağını proqnozlaşdırır. İqtisadi artım isə ancaq 2016-cı ildə - 1,7% səviyyəsində gözlənilir. İqtisadi artımın 2014-cü ilin yekununda ÜDM-in 70%-ni təşkil edən valyuta ehtiyatlarından istifadə etməklə dövlət investisiyaları formasında stimullaşdırılması planlaşdırılır.

"Moody's"in iqtisadi təhlilçisi Mariya Malyukova bildirib ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi bank sektorunda əlverişli mühitin yaranması üçün əvəzolunmaz şərtdir. Fevralda həyata keçirilən milli valyutanın devalvasiyası kommersiya banklarına neqativ təsir edib.

"Xarici valyutada kredit götürən vətəndaşlar milli valyutada olan gəlirləri ilə kredit ödənişlərini həyata keçirməkdə çətinlik çəkirlər. Yüksək inflyasiya isə istehlak bazarının daralmasına səbəb olub. Bankların kreditləşməni azaltması problemli kreditlərdə bu il 15% artıma səbəb olacaq", - deyə M.Malyukova bildirib. Qeyd edək ki, 2014-cü ildə problemli kreditlərdə artım 11,4% olub.

Bununla yanaşı, "Moody's" qeyd edir ki, valyuta aktivlərinin yenidən qiymətləndirilməsi və valyuta kreditlərindəki itkilər Azərbaycan banklarının mənfəət və kapitallaşmasına mənfi təzyiq göstərəcək. Agentlik bankların bu il kredit xərclərinin məcmu kreditlərin 3%-ni təşkil edəcəyini və bunun da bankların daha öncəki mənfəətlərini əridəcəyini ehtimal edir. Bu il valyuta aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində bank kapitallaşmasının 2% azalacağı proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi