Azərbaycanda bağlanan bankların əmanətçilərinə 143 mln. manatdan artıq kompensasiya ödənilib

Azərbaycanda bağlanan bankların əmanətçilərinə 143 mln. manatdan artıq kompensasiya ödənilib "Texnikabank"ın əmanətçilərinə 118,168 mln. manat, "Bank of Azerbaijan" üzrə 24,035 mln. manat, "Gəncəbank" üzrə isə 871 min manat ödənilib
Maliyyə
23 May , 2016 18:08
Azərbaycanda bağlanan bankların əmanətçilərinə 143 mln. manatdan artıq kompensasiya ödənilib

Bakı. 23 may. REPORT.AZ/ Əmanətlərin Sığortalanması Fondu (ƏSF) sığota hadisəsi baş vermiş kommersiya banklarının vəsaitləri qorunan əmanətçilərinə indiyədək toplam 143,074 mln. manat kompensasiya ödəyib.

"Report"un Fonda istinadən verdiyi xəbərə görə, “Texnikabank” ASC-nin əmanətçilərinə ƏSF tərəfindən seçilmiş agent banklar vasitəsilə kompensasiya ödənişi davam etdirilir. Agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçilərə 118,168 mln. manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, sığorta hadisəsi baş vermiş “Texnikabank”ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna 2016-cı il fevralın 12-dən başlanıb. Agent bank kimi isə “Muğanbank”, “Rabitəbank”, “Unibank” və “Kapitalbank” ASC-lər seçilib.

Eyni zamanda, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” və “Gəncəbank” ASC-lərin qorunan əmanətçilərinə kompensasiyaların ödənişi davam etdirilir. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan “Bank of Azerbaijan”ın əmanətçilərinə 24,035 mln. manat ödənilib. Bu bank üzrə ərizələrin qəbuluna yanvarın 29-da başlanıb. “Gəncəbank”ın əmanətçilərinə isə indiyədək 871 min manat kompensasiya ödənilib. Qeyd edək ki, 30 iyul 2007-ci ildən Fonda üzv olan Bankda bu ilin yanvarın 28-də sığorta hadisəsi baş verib, əmanətçilərdən ərizələrin qəbuluna isə fevralın 4-də başlanıb.

Xatırladaq ki, Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank”, “Bank of Azerbaijan” və “Gəncəbank” ASC-lərin qorunan əmanətçilərinə 100% həcmində (30 min manatadək) kompensasiya ödənilir.

Son xəbərlər

Orphus sistemi