Yuxarı

​Azərbaycanda avro 1,28 manata qədər bahalaşa bilər - PROQNOZ

Report: İlin sonunadək qlobal bazarda məzənnənin 1,22 USD/EUR-a çatması mümkündür

Bakı. 18 iyun. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FES) ötən gün keçirdiyi növbəti iclasda yenidən uçot dərəcəsinin artırılmaması ilə bağlı qərar qəbul olunub. Faizlər minimum həddə, yəni 0-0,25% diapazonunda saxlanılıb. Qeyd edək ki, FES faizləri 2008-ci ilin dekabr ayından bu həddə saxlayır. Sonuncu dəfə faiz artımı isə 2006-cı ildə baş verib.

"Report" xəbər verir ki, iclasda ABŞ iqtisadiyyatının 2015-ci il üçün ÜDM-in artım proqnozu 2,3-2,7%-dən 1,8-2,0%-ə endirilib. Gələn il üçün isə 2,3-2,7%-dən 2,4-2,7%-ə artırılıb. Uzunmüddətli perspektivdə isə iqtisadi artım proqnozu orta hesabla 2-2,3%-də saxlanılaraq dəyişməyib.

İşsizlik proqnozu 2015-ci ildə 5,0-5,2%-dən 5,2-5,3%-ə artırılıb, 2016-cı il üçün isə 4,9-5,15%-də qalıb.

İnflyasiyanın bu il 0,6-0,8%, 2016-cı ildə 1,6-1,9% diapazonunda olacağı proqnozlaşdırılır.

İclasda əmək bazarının bir qədər yaxşılaşması, iqtisadiyyatın mülayim artım tempi göstərdiyi, məşğulluğun sürətli artım əldə etdiyi bildirilib. Bütün bu qiymətləndirmələr fonunda FES yekdilliklə uçot dərəcəsini dəyişməmək qərarına gəlib.

Daha sonra FES rəhbəri Canet Yellen çıxış edərək iqtisadiyyatın cari vəziyyətindən asılı olaraq uçot dərəcəsinin mərhələlərlə artırılacağını qeyd edib. O, iqtisadiyyatın daha sürətli artım tempi əldə etməsini görmək istədiklərini vurğulayıb. Daha sonra inflyasiyanın neft qiymətləri və idxal malların qiymətlərinin düşməsi səbəbindən proqnozlaşdırılan 2%-dən daha aşağı olacağını əlavə edib.

"Barclays Capital" investisiya fondu FES-in üzvlərinin proqnozlarına əsasən, bu il faizlərin iki dəfə artacağını istisna etmir. Bununla yanaşı, uçot dərəcəsinin bu il ancaq bir dəfə, sentyabrda artırılacağını ehtimal edir.

Bu xəbərlər və sonrakı qeyri-müəyyənlik ABŞ dollarının beynəlxalq valyuta bazarında zəifləməsinə səbəb olub. Avro isə möhkəmlənərək 1,1240 USD/EUR-dan 1,1370 USD/EUR səviyyəsinə yüksəlib.

Hadisələr Azərbaycan valyuta bazarından da yan keçməyib və dolların burada ucuzlaşmasına (1,0474 AZN/USD) və avronun daha da bahalaşmasına (1,1900 AZN/EUR) səbəb olub.

"Report"un analitik qrupu dünya bazarında avronun möhkəmlənməsi və dolların zəifləməsi tendensiyasının davam edəcəyini proqnozlaşdırır: "Məzənnənin ilin sonuna qədər 1,22 USD/EUR səviyyəsinə qədər artması mümkündür. Azərbaycan bazarında isə ilin sonuna qədər dollar 1,0450 manata qədər ucuzlaşa, avro isə 1,28 manata qədər bahalaşa bilər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi