Yuxarı

​Azərbaycanda açıq valyuta mövqeyi limitinin dayandırılması bank sektoruna əlavə dəstək məqsədi daşıyır - TƏHLİL

Bu qərarla Mərkəzi Bank məsuliyyəti öz üzərindən atıb və bankları bazardakı risklərlə üz-üzə qoyub

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən kommersiya bankları üçün açıq valyuta mövqeyi limitlərinin 2015-ci ilin sonunadək dayandırılması bank sektoruna əlavə dəstək tədbiri kimi qiymətləndirilməlidir.

"Report"un analitik qrupu qeyd edir ki, açıq valyuta mövqeyi – müvəkkil bankların ayrı-ayrı xarici valyutalarda tələbləri və öhdəliklərinin (o cümlədən, hesablaşmaları tamamlanmamış əməliyyatlar üzrə balansdankənar tələblərin və öhdəliklərin) məbləğləri arasında, mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində itkilər riski yaradan fərqdir.

Açıq valyuta mövqeyi limiti isə açıq valyuta mövqeyinin manat ekvivalentinin bankın kapitalına nisbətinə AMB tərəfindən təyin edilən kəmiyyət məhdudiyyətidir.

Xatırladaq ki, AMB-nin İdarə Heyətinin 2015-ci il 26 fevral tarixli qərarı ilə "Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları"nın 2.1-ci bəndinə əsasən, sərbəst dönərli və qapalı valyutalar üzrə müəyyən edilmiş açıq valyuta mövqeyi limitlərinin tətbiqi 1 yanvar 2016-ci il tarixinədək dayandırılıb.

"Report" xəbər verir ki, indiyədək açıq valyuta mövqeyi limiti +/-10%-lə məhdudlaşdırılıb. Yəni, bankın açıq valyuta mövqeyi bankın məcmu kapitalının 10%-ni keçə bilməz. Lakin son günlər əhalinin manat əmanətlərini sürətlə xarici valyutaya çevirməsi bankların açıq valyuta mövqeyini xeyli dərəcədə pozub. Belə ki, bankların xarici valyutada öhdəlikləri sürətlə artdığı halda, tələbləri dəyişməyib. Çünki devalvasiya səbəbindən əhalinin xarici valyutada kreditlərə marağı xeyli azalıb.

Bu qərarla AMB əsasən banklara özünü reabilitasiya etməsi üçün imkan yaradır. Lakin bu qərar həm də banklara valyuta ilə bağlı qərarlarda müstəqillik verib. Yəni, milli valyutaya etimad edənlər manata, xarici valyutaya inananlar isə valyutaya üstünlük verəcək. Artıq kommersiya bankları valyuta məzənnəsinin dəyişməsindən yarana biləcək riskləri özləri idarə edəcək. Bu qərar məsuliyyəti tam olaraq Mərkəzi Bankın üzərindən atsa da, bankları böyük risklərlə üz-üzə qoyur. Yanlış veriləcək proqnozlar əsasında alınmış qərar hər hansı bankı qısa müddətdə müflis edə bilər. Bu halda əmanətçilərlə bank arasında problem yaranacaq və bu, panikaya çevrilərək bank sisteminə neqativ təsir edə bilər.

"Report" analitik qrupu qeyd edir ki, hazırda bank sistemində əmanətlər əsasən xarici valyutaya çevrilib və bu proses hələ də davam edir. Lakin xarici valyutada kreditlərə tələbat minimuma enib. Çünki devalvasiya bunun nə dərəcədə riskli olduğunu artıq istehlakçılara göstərib. Xarici valyutada depozit toplayıb manatla kreditlərin verilməsi üçün isə açıq valyuta mövqeyi limiti pozulmalıdır. Bu da öz növbəsində banklar üçün belə bir həssas dövrdə çox risklidir. İlkin ehtimallara görə, devalvasiyadan 600 mln. manat zərər edən Azərbaycandakı bankların əhəmiyyətli bir hissəsi analoji vəziyyət təkrarlanacağı təqdirdə iflas edər.

Bununla yanaşı qeyd olunmalıdır ki, AMB-nin bu qərarının milli valyutanın cari məzənnəsinə birbaşa ciddi təsiri olmayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi