Yuxarı
    Bağlamaq

    Azərbaycan yaxın illərdə icbari sığortanın məbləğini artıracaq

    Azərbaycanda sığorta bazarının inkişafına dair üçillik tədbirlər planı təsdiq edilib

    Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-2017-ci illərdə icbari sığorta növləri üzrə sığorta məbləğinin mərhələli şəkildə artırılmasına baxılacaq. "Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) şöbə rəisi Mahir Abdullayev bildirib: "Bu, Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən Azərbaycan sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə tədbirlər planında nəzərdə tutulub".

    "Tədbirlər Planına əsasən, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğinin tədricən artırılması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi barədə təkliflər hazırlanacaq. Eləcə də avtomobillər və daşınmaz əmlak üzrə sığorta hadisələri zamanı dəyən zərərin məbləğinin hesablanması üçün standartların hazırlanması nəzərdə tutulub", - şöbə rəisi qeyd edib.

    M.Abdullayev bildirib ki, planla nəzərdə tutulan mühüm yenilklərdən biri də vətəndaşlar tərəfindən sığorta şirkətləri və sığorta vasitəçilərindən verilən şikayətlərin vahid sisteminin yaradılması ilə bağlıdır: "Şikayətlərin sığorta şirkətlərində ictimai aşkarlıq şəraitində baxılmasını təmin etmək məqsədilə xüsusi internet səhifəsinin yaradılmasına təşkilati və maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur".

    Həmçinin sığortalıların və digər faydalanan şəxslərin mənafelərini təmin etmək məqsədilə sığorta şirkətlərinə qarşı yeni tələblər müəyyən ediləcək: "Bu məqsədlə "Sığorta fəaliyyəti haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması nəzərdə tutulur. Bura sığorta şikayətlərinə baxılması mexanizminin təkmilləşdirilməsi, müştərilərlə ədalətli davranmanı təmin edən prosedurların tətbiqi, eləcə də sığorta vasitəçilərinin Davranış Kodeksinin hazırlanması və tətbiqi aiddir".

    Bununla yanaşı, Tədbirlər Planına əsasən, sığorta sahəsində çalışanların hazırlıq səviyyəsinə diqqət və bununla bağlı tələblər artırılacaq. Belə ki, sığorta şirkətlərində çalışan və sığorta məhsullarının satışı ilə məşğul olan əmakdaşlardan DSNX-də attestasiyadan keçmələri tələb ediləcək.

    Bundan başqa, sığorta ödənişlərinin sadələşdirilməsi məqsədilə İKT-nin imkanlarından daha geniş istifadə nəzərdə tutulur. Belə ki, avtomobil qəzaları ilə bağlı arayışın alınmasının sadələşdirilməsi üçün İcbari Sığorta Bürosunun informasiya sisteminin Daxili İşlər Nazirliyinin müvafiq informasiya sistemi ilə əlaqələndirilməsi gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi