Yuxarı

Azərbaycan tədiyyə balansının kəsiri tarixi maksimuma çatıb

Proqnoz: Bu ilin ilk rübündə tədiyyə balansının tarazlaşacağı ehtimal edilir

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanın tədiyyə balansında 2015-ci ilin IV rübündə 2 188 mln. ABŞ dolları həcmində kəsir yaranıb. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, 2015-ci il üzrə isə məcmu kəsir 11 329 mln. dollara çatıb. Bu, tarix maksimal göstəricidir. Qeyd edək ki, 2014-cü ilin tədiyyə balansı 4 194 mln. dollarlıq profisitlə yekunlaşıb.

Tədiyyə balansının cari hesabı son rübdə 463 mln. dollarlıq kəsirlə tamamlanıb. Bu bənddə əsas azalan parametrlərdən biri neft-qaz sektoru mallarının ixracı olub və IV rübdə 2 881 mln. dollar təşkil edib. Qeyd edək ki, bu göstərici 2012-ci ildən etibarən ən aşağı həddə enib. Keçən ilin əvvəli ilə müqayisədə neft-qaz sektoru üzrə ixrac 1 994 mln. dollar və ya 41% azalıb. Malların idxalında isə əksinə, artım qeydə alınıb və son rübdə idxalın həcmi 2 753 mln. dollar təşkil edib. Bu, 2013-cü ilin II rübündən etibarən ən yüksək göstəricidir. Ümumiyyətlə, 2015-ci ildə ixrac 14 088 mln. dollar, idxal isə 9 774 mln. dollar olub.

Maliyyə hesabı 2015-ci ilin son rübündə 2 447 mln. dollar təşkil edib. Son rüb ərzində Azərbaycan xaricə 3 990 mln. dollar investisiya yatırıb ki, bunun da 636 mln. dolları birbaşa investisiyalar, 3 354 mln. dolları portfel və digər investisiyaların payına düşüb. Ümumilikdə isə Azərbaycanın 2015-ci ildəki xaricə məcmu sərmayələri 13 721 mln. dollar olub. 

Azərbaycana qoyulan investisiyalar isə IV rübdə 2 466 mln. dollar təşkil edib ki, bunun da 1 746 mln. dolları birbaşa, 720 mln. dolları isə portfel və digər investisiyalar təşkil edib.

Qeyd edək ki, iki rübdür geri götürülən portfel investisiyaları yenidən müsbət dinamika göstərib. Belə ki, II və III rübdə Azərbaycandan müvafiq olaraq 417 mln. və 591 mln. dollar portfel investisiyası kapitalının geri axını baş verib.

"Report"un analitik qrupu hesab edir ki, 2016-cı ilin ilk rübündə Azərbaycanın tədiyyə balansı tənzimlənəcək və minimal kəsirlə yekunlaşacaq: "Buna manatın məzənnəsinin sürətlə düşməsi nəticəsində idxalın kəskin azalması və mart ayında neft qiymətlərinin stabilləşməsi səbəb olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi