Yuxarı

​Azərbaycan sığorta bazarı yanvar-noyabr aylarında 4% artıb - YENİLƏNİB

Hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin həcmi isə 30% artıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin  yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkətinin xətti ilə təxminən 382,8 mln. manat həcmində sığorta haqqı yığılıb. 

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta daxilolmalarının həcmi 3,8% artıb.

Eyni zamanda, bu ilin ilk 11 ayında sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin həcmi təxminən 143,5 mln. manat təşkil edib. Bu isə 2013-cü ilin eyni dövrü ilə müqayisədə 29,9% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 37,5 manat ödəniş edilib. Bu göstərici ötən ilin yanvar-noyabr aylarında 30 manat olub.

ASA-dan bildirilib ki, təhlil olunan dövr ərzində toplanılmış sığorta haqlarının məbləğinə görə bazarın lideri "PAŞA Sığorta" şirkəti olub. Şirkət ilk 11 ayda 47,1 mln. manat sığorta haqqı toplayıb. Sonrakı yeri tutan "Azərsığorta"nın yığımları 39 mln. manat, "PAŞA Həyat"ın yığımları 38,3 mln. manat olub. Sığorta yığımlarının həcminə görə ilk beşliyi "Atəşgah Həyat" (35,5 mln. manat) və "AzSığorta" (33,7 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə, məcmu daxilolmaların 50,6%-i məhz bu beşliyin payına düşüb.

Ən az sığorta haqqı toplayan isə “Azərqarant” (501 min manat), “Era-Trans” (432 min manat), “Günay Sığorta” (165 min manat), “Çartis Azərbaycan” (152 min manat) və “Royal Sığorta” (2,3 min manat) olub. Bu şirkətlərin ümumi bazar payı 1%-dən azdır.

Ümumilikdə, 28 sığorta şirkətinin 14-də sığorta haqlarının həcmi 10 mln. manatdan artıq, 2 şirkətdə 5-10 mln. manat arasında, 6 şirkətdə 1-5 mln. manat arasında, 6 şirkətdə isə 1 mln. manatdan az olub. Şirkətlərdən 11-də sığorta haqlarının artımı, 17-də isə azalması baş verib.

Sığorta ödənişlərinin məbləğinə görə də bazarın lideri "PAŞA Sığorta" şirkəti (25,2 mln. manat) olub. Sonrakı yerləri "Atəşgah Həyat" (22,7 mln. manat), "Atəşgah Sığorta" (13,4 mln. manat), "Azərsığorta" (12 mln. manat) və "AXA-Mbask" (9,7 mln. manat) şirkətləri tutub. Ümumilikdə, ödənişlərin 57,9%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşüb.

Ən az ödəniş edən şirkətlər isə “Əmrah Sığorta” (442 min manat), “İpək Yolu Sığorta” (332 min manat), “Günay Sığorta” (76 min manat), “Azərqarant” (48 min manat), “Royal Sığorta” (8,3 min manat) və “Çartis Azərbaycan” (4,6 min manat) olub. Bu şirkətlərin ümumi bazar payı isə 0,6%-nə bərabərdir.

Ümumilikdə, Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkətinin 4-də sığorta ödənişlərinin məbləği 10 mln. manatdan artıq, 5 şirkətdə 5-10 mln. manat arasında, 12 şirkətdə 1-5 mln. manat arasında, 7 şirkətdə isə 1 mln. manatdan aşağıdır. Şirkətlərdən 17-də sığorta ödənişlərinin artımı, 11-də isə azalması baş verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi