​Azərbaycan reklam bazarının 57%-i qeyri-leqaldır

​Azərbaycan reklam bazarının 57%-i qeyri-leqaldır Millət vəkili Vahid Əhmədov: "Problemin həlli üçün ölkədə yeni qanun qəbul edilməlidir"
Maliyyə
19 Noyabr , 2014 17:15
​Azərbaycan reklam bazarının 57%-i qeyri-leqaldır

Bakı. 19 noyabr.REPORT.AZ/Azərbaycan reklam bazarının əsas hissəsi kölgə iqtisadiyyatının payına düşür. "Report" xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov Azərbaycanın 2015-ci ilin dövlət büdcəsi layihəsinin parlamentin bugünkü plenar iclasında müzakirəsi zamanı bildirib: "Azərbaycanda reklamın dövriyyəsi 60 mln. manat olsa da, gəlir cəmi 26 mln. manatdır (43% - Red.). Yəni kölgə iqtisadiyyatı reklamda həddən artıq çoxdur".

Onun sözlərinə görə, bunun qarşısını almaq üçün ölkədə yeni qanun qəbul edilməlidir: “Hazırda bunun üzərində iş gedir. Gələn ilin dövlət büdcəsi riskli yox, investisiya və sosial yönümlü büdcədir. Büdcənin icrasında elə də ciddi problem olmayacaq”.

V.Əhmədov dövlət büdcəsinin bazasında 1 barel neftin qiymətinin 80-90 dollar götürülməsinin büdcəyə ciddi təsir etməyəcəyini deyib: “Çünki neftin qiymətinin dövlət büdcəsinə təsiri 11%, yəni təxminən 2 mlrd. manatdır. Dövlət büdcəsinin 67%-i neftdən gələn gəlirlər hesabına formalaşır. Dövlət Neft Fondundan 10,3 mlrd. manat transfer edirik. Bütün bunları nəzərə alaraq, 6,9 mlrd. manat əsaslı vəsait investisiya qoyuluşu yatırmağı nəzərdə tutmuşuq”.

Millət vəkili Maliyyə Nazirliyi ilə Hesablama Palatasının qarşısında mühüm məsələlərin həllinin durduğunu qeyd edib: “Ən vacib məsələ isə xərclər siyasətinə nəzarət mexanizminin olmamasıdır. Kim zəmanət verə bilər ki, 6,9 mlrd. manatdan təyinatı üzrə və məqsədli şəkildə istifadə ediləcək? Bir neçə dəfə bəyan etmişəm ki, Hesablama Palatası kiçik layihələrdən iri layihələrin yoxlanılmasına keçməlidir. Böyük layihələr niyə yoxlanılmır? Yoxsa bu məsələ ayrı-ayrı məmurların nəzarətində saxlanılır? Bu, dövlətin vəsaiti olduğu üçün onun da nəzarəti altında olmalıdır”.

Son xəbərlər

Orphus sistemi