Yuxarı

Azərbaycan ​Mərkəzi Bankının sədri İranın maliyyə nazirini qəbul edib

Görüşdə bank sistemləri üzrə çoxşaxəli münasibətlərin davam etdiriləcəyinə əminlik vurğulanıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Bakıda səfərdə olan İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı iki ölkənin bank sistemləri, o cümlədən mərkəzi bankları arasında əlaqələrin mövcud vəziyyəti, eləcə də gələcək inkişaf perspektivləri müzakirə edilib.

AMB sədri E.Rüstəmov iki ölkə arasında iqtisadi, o cümlədən bank sahəsində əlaqələrdən danışaraq hər iki ölkənin mərkəzi bankları və bütövlükdə bank sektorları arasında gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Azərbaycan iqtisadiyyatı, o cümlədən maliyyə-bank sektorunun inkişafı barədə ətraflı məlumatı nümayəndə heyətinin diqqətinə çatdırıb.

Nazir Ə.Tayebnia isə öz çıxışında İranın Azərbaycanla, xüsusilə Mərkəzi Bankla əməkdaşlıqdan məmnun olduğunu bildirib və iki ölkənin birgə əməkdaşlıq imkanlarının genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.

Görüşdə həmçinin İran və Azərbaycan arasında iqtisadi əlaqələr, o cümlədən bank sistemləri üzrə çoxşaxəli münasibətlərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminlik vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi