​Azərbaycan Mərkəzi Bankı köhnə borcların restrukturizasiyasını çətinləşdirib

​Azərbaycan Mərkəzi Bankı köhnə borcların restrukturizasiyasını çətinləşdirib Yeni borcların restrukturizasiyası ilə bağlı məcburi ayırmalar isə azaldılıb
Maliyyə
13 Mart , 2015 10:43
​Azərbaycan Mərkəzi Bankı köhnə borcların restrukturizasiyasını çətinləşdirib

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə 2015-ci il fevralın 23-dək restrukturizasiya olunmuş aktivlər standart aktivlər kimi, fevralın 23-dən sonra restrukturizasiya olunmuş aktivlər isə qənaətbəxş aktivlər kimi təsnifləşdirilə bilməz.

"Report"un analitik qrupu xəbər verir ki, AMB-nin "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları"nın 3.3 bəndinə əsasən, aktivlər, standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlərə qənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri-standart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir.

Bu qaydaların 2.0.8 bəndinə əsasən isə restrukturizasiya olunmuş aktiv - iqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borclunun maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə müqavilə şərtləri dəyişdirilmiş və ya yeni öhdəlik kimi rəsmiləşdirilmiş borc öhdəliyidir. Sənədin 4.2 bəndinə görə, təsnifləşdirmə kateqoriyaları üzrə ehtiyatların dərəcələri qənaətbəxş aktivlər üzrə 1%, nəzarət altında olan aktivlər - 5%, qeyri-qənaətbəxş aktivlər - 30%, təhlükəli aktivlər - 60%, ümidsiz aktivlər üzrə isə 100% müəyyən edilib.

Kommersiya bankları AMB normativlərinə görə, bu il fevralın 23-dək restrukturizasiya edilmiş aktivləri qeyri-standart aktiv kimi təsnifləşdirib. Bu qərardan sonra həmin aktivlər əvvəlki kimi standart aktivlər şəklində təsnifləşdirilə bilməz. Lakin, fevralın 23-dən sonra restrukturizasiya edilmiş aktivlər qeyri-standart deyil, məhz standart və nəzarətdə olan aktivlər kimi təsnifləşdirilir. Yəni, bu aktivlər üzrə ehtiyat ayırmaları 30%-dən 5%-dək azaldılıb.

Bu qərarın qəbul olunmasında AMB-nin məqsədi banklar tərəfindən fevralın 23-dək olan aktivlərin təkrar restrukturizasiyasının qarşasının alınmasıdır. Çünki bununla banklar risklərini artırır. Bununla yanaşı qeyd olunmalıdır ki, restrukturizasiya əməliyyatı kommersiya banklarının ilin sonunda yekun mənfəətini aşağı salacaq, lakin restrukturizasiya nəticəsində bankların məcmu aktivlərini artıracaq.

Qeyd edək ki, bu qərar martın 7-də qüvvəyə minib.

Son xəbərlər

Orphus sistemi