Azərbaycan lizinq bazarı yaxın 10 ildə 8 dəfə artacaq

Azərbaycan lizinq bazarı yaxın 10 ildə 8 dəfə artacaq Azərbaycan lizinq bazarının əsas problemi şirkətlərin maliyyə vəsaitinin çatışmazlığı ilə bağlıdır
Maliyyə
27 Dekabr , 2016 10:49
Azərbaycan lizinq bazarı yaxın 10 ildə 8 dəfə artacaq

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda lizinqin inkişafı üçün ilk növbədə vahid qanunun hazırlanması nəzərdən keçiriləcək. Yeni qanun lizinq şirkətlərinin operativ lizinq xidmətləri göstərməsinə şərait yaradacaq.

"Report" bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nə istinadən xəbər verir: "Yeni qanun əsasında müvafiq normativ-hüquqi baza formalaşdırılacaq və lizinq şirkətlərinin fəaliyyəti üçün daha əlverişli şərait yaradılacaq".

Bildirilir ki, lizinq bazarının daha sürətlə inkişaf etməsi üçün güzəştlərin tətbiq olunması təmin ediləcək və yeni tənzimlənmə mexanizmləri müəyyənləşdiriləcək.

"Bundan əlavə, ölkə üçün xüsusi əhəmiyyət kəsb edən sektorlarda lizinq üçün əlavə güzəştlərin tətbiqi imkanları nəzərdən keçiriləcək. Bu güzəştlər KOS subyektləri tərəfindən alternativ maliyyələşmə mənbəyi kimi lizinq xidmətlərindən istifadənin stimullaşdırılmasına şərait yaradacaq. Bundan başqa, KOS subyektlərində forvard, fyuçers, opsion, svop, faktorinq kimi maliyyə alətlərindən alternativ və ucuz maliyyələşmə mənbəyi kimi istifadə stimullaşdırılacaq", - deyə sənəddə qeyd olunub.

Bildirilir ki, Azərbaycan lizinq bazarının əsas problemi lizinq şirkətlərində maliyyə vəsaitlərinin çatışmazlığı ilə bağlıdır: "Lizinq şirkətlərinin fəaliyyətinin əhatə dairəsi, portfelləri və kapitallaşma dərəcəsinin aşağı səviyyədə olması xarici investorlar üçün bu sahənin cəlbediciliyini azaldır. Hazırda Azərbaycanda 30-dan çox şirkət lizinq üzrə ixtisaslaşıb və onların lizinq əməliyyatlarının həcmi təxminən 200 mln. manat təşkil edir ki, bu da ÜDM-in təxminən 0,5%-i həcmindədir".

Görüləcək tədbirlər nəticəsində yerli və xarici investorların lizinq bazarına və forvard, fyuçers, opsion, svop, faktorinq kimi alternativ maliyyə mənbələrinə marağının artacağı, yerli KOS subyektlərinin bu yolla maliyyələşmə imkanlarının genişlənəcəyi bildirilir.

"Lizinq bazarının inkişaf etdirilməsi 2020-ci ilədək Azərbaycanda lizinq əməliyyatlarının ÜDM-də payını 2%-ə, 2025-ci ilədək isə 4%-ə çatdırmaq imkanı verəcək", - deyə sənəddə bildirilir.

Son xəbərlər

Orphus sistemi