Yuxarı
    Bağlamaq

    Azərbaycan İcbari Sığorta Bürosu sahibkarlıqla məşğul olacaq

    İcbari sığorta ödənişi üçün tələb olunan sənədlərin siyahısından sığorta şəhadətnaməsinin surəti ləğv edilib

    Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) 2015-ci ildən etibarən sahibkarlıq fəaliyyətinə başlayacağı gözlənilir. "Report"un məlumatına görə, dövlət başçısının bu günlərdə imzaladığı fərmanla "İcbari sığortalar haqqında" qanuna əlavə və dəyişiklər edilib. Dəyişikliklərə əsasən, İSB-yə yeni funksiyalar verilib və bu, Büronun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnun təsdiqi ilə bağlıdır. 

    Qanuna əlavə edilən 27.4-cü maddəsində deyilir ki, İSB bu qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağa yönələn hər hansı sahibkarlıq fəaliyyəti ilə yalnız təsərrüfat cəmiyyəti yaratmaq və ya belə cəmiyyətdə iştirak etmək yolu ilə məşğul ola bilər.

    İSB-nin hüquqşünası Nazilə Hüseynova isə "Report"a açıqlamasında qanuna edilən əlavə və dəyişikliklərin hələ yeni qüvvəyə mindiyini, bununla bağlı hansısa planlarının olmadığını deyib: "Əslində, bu maddə Mülki Məcəllədə var idi. Sadəcə, bu qanuna da gətirilib. Qanuna edilən əlavə və dəyişikliklər hələ təzə qüvvəyə minib, ona görə də bu dəqiqə üçün hansısa proqram, yaxud planımız yoxdur".

    Qeyd edək ki, qanunun "Sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlər" maddəsinin 17.1.2. bəndi ləğv edilib. Bununla da icbari sığorta ödənişi üçün lazım olan sənədlərin siyahısından sığorta şəhadətnaməsinin surətinin verilməsi ilə bağlı tələb ləğv edilib.

    Xatırladaq ki, "İcbari sığortalar haqqında" qanuna edilən əlavə və dəyişikliklər 2014-cü il dekabrın 25-də qüvvəyə minib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi