Yuxarı
    Bağlamaq

    Azərbaycan gələn il dövlət investisiyalarını kəskin azaldacaq

    Müdafiə xərcləri 28%, sosial müdafiə və sosial təminat xərcləri 22%, səhiyyə xərcləri 7% ixtisar ediləcək

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanın 2017-ci il dövlət büdcəsinin layihəsində xərclərin həcmi 16,6 mlrd. manat nəzərdə tutulub ki, bu da 2016-ci illə müqayisədə 1,895 mlrd. manat və yaxud 10,2% azdır.

    "Report" xəbər verir ki, bu barədə "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.

    Layihəyə əsasən, əksər istiqamətlər üzrə büdcə xərcləri azaldılıb. Ən çox azalma sənaye və tikinti xərclərində, o cümlədən dövlət əsaslı vəsait qoyuluşunda gözlənilir. 2017-ci ildə dövlət investisiyaları 1,86 mlrd. manat nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisədə 1,14 mlrd. manat və yaxud 38% azdır.

    Mənzil və kommunal təsərrüfatı xərcləri isə 143,6 mln. manat və yaxud 32,1% - 304,2 mln. manata qədər azaldılıb. 

    Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və s. bu kimi sahələr üzrə xərclər isə 225,6 mln. manat və yaxud 30,5% - 513 mln. manata endirilib.

    Müdafiə xərcləri isə 613,4 mln. manat və yaxud 27,5% az olacaq. Bu istiqamətdə xərclər 1,615 mlrd. manat həcmində nəzərdə tutulub.

    Yanacaq və enerji xərcləri 1,3 mln. manat və yaxud 22,4% ixtisar edilərək 4,5 mln. manata, nəqliyyat və rabitə xərcləri 28,2 mln. manat və yaxud 21,7% azaldılaraq 101,8 mln. manata, sosial müdafiə və sosial təminat xərcləri 581,1 mln. manat və yaxud 21,5% azaldılaraq 2,118 mlrd. manata, iqtisadi fəaliyyətlə bağlı sair xərclər 66,5 mln. manat və yaxud 18,5% azaldılaraq 293,5 mln. manata, səhiyyə xərcləri 55 mln. manat və yaxud 6,6% azaldılaraq 775,8 mln. manata, ümumi dövlət xidməti xərcləri isə 66 mln. manat və yaxud 2,2% azaldılaraq 2,998 mlrd. manata endirilib.

    Bəzi istiqamətlərdə isə büdcə xərcləri artırılıb. Məsələn, gələn il məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanmasına bu illə müqayisədə 25,3 mln. manat və yaxud 2,1% çox - 1,234 mlrd. manat, təhsil sahəsinə 29,3 mln. manat və yaxud 1,6% çox - 1,86 mlrd. manat, kənd və meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 138,4 mln. manat və yaxud 20,2% çox - 822,9 mln. manat xərclənməsi planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi