Yuxarı

​Azərbaycan gələn il alternativ enerji sektorunun maliyyələşməsini azaldacaq

Bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunması və bu sahənin inkişafı üçün dövlət maliyyələşməsi 25% azaldılır

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanın 2016-cı il dövlət büdcəsinin layihəsində yanacaq və enerji xərcləri bölməsində bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunması və bu sahənin inkişafı üçün 5,7 mln. manatın ayrılması proqnozlaşdırılır.

"Report"un verdiyi xəbərə görə, bu, cari ilin analoji proqnozundan 25% azdır. Belə ki, 2015-ci ilin dövlət büdcəsində yanacaq və enerji xərcləri bölməsində bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunması və bu sahənin inkişafı üçün 7,6 mln. manat nəzərdə tutulub, 2014-cü ilin faktiki göstəricisi ilə müqayisədə isə bu, 4,1 mln. manat və ya 2,1 dəfə çoxdur.

Qeyd edək ki, Azərbaycanın 2016-cı il dövlət büdcəsinin layihəsində mədaxil ÜDM-in 25,2%-i həcmində olmaqla, nominal ifadədə 14,566 mlrd. manat, məxaric isə ÜDM-in 28,2%-ni təşkil etməklə 16,264 mlrd. manat həcmində proqnozlaşdırılır. Cari ilin analoji proqnozları ilə müqayisədə gələnilki büdcənin gəlirləri 25,1%, xərcləri isə 22,9% azaldılıb. Dövlət büdcəsinin kəsiri 1,698 mlrd. manat həcmində proqnozlaşdırılır ki, bu da 2015-ci ilin proqnozundan 2,17% çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi