Azərbaycanın fond bazarında spesifik vergi rejiminin tətbiqi təklif olunur

Azərbaycanın fond bazarında spesifik vergi rejiminin tətbiqi təklif olunur Bununla bağlı hazırlanan təkliflər Vergilər Nazirliyinə təqdim olunub
Maliyyə
10 Dekabr , 2014 15:42
Azərbaycanın fond bazarında spesifik vergi rejiminin tətbiqi təklif olunur

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızlar bazarında əlverişli vergi mühitinin formalaşdırılmasına dair təklifləri hazırlayaraq Vergilər Nazirliyinə təqdim edib. “Report”un verdiyi xəbərə görə, bunu Dövlət Komitəsinin sədri Rüfət Aslanlı “Vergilər” qəzetinə müsahibəsində bildirib.

“Burada söhbət kapital bazarlarına hansısa güzəştlərin, stimullaşdırıcı vergi rejiminin tətbiq olunmasından getmir. Məqsəd kapital bazarlarında mövcud olan xüsusiyyətləri nəzərə alan spesifik vergi rejiminin tətbiq olunmasıdır”, - R.Aslanlı qeyd edib.

Onun sözlərinə görə, kapital bazarları bütün dünyada bank, sığorta, digər sahibkarlıq fəaliyyətindən öz spesifikasına görə fərqlənir: “Buna görə də bütün dünyada kapital bazarlarında təkcə vergiqoyma deyil, hüquq rejimi də fərqli olur. Bunun kimi bəzi məsələlər vergi qanunvericiliyinə daxil edilməlidir. Ümid edirik ki, növbəti ildən Vergi Məcəlləsinə əlavələr üçün təklifə baxılacaq”.

Komitə sədri bildirib ki, Vegilər Nazirliyinə təqdim olunan təkliflərdən biri Bakı Fond Birjasında açıq ticarət olunan şirkətlərin 3 il müddətinə ödəyəcəyi vergiyə simvolik səviyyədə güzəşt tətbiq edilməsidir.

“Fond Birjasında ticarət olunan müəssisələrin maliyyə hesabatlılığı və məlumat açıqlamasına dair tələblər var. Bu müəssisələr hər rüb beynəlxalq auditdən keçməlidir, öz fəaliyyətində mövcud ola biləcək bütün yeniliklər barədə bazara məlumat verməlidir. Bütün bunlar şəffaf həyata keçirildiyi üçün hər hansı vergidən yayınma, maliyyə axınlarının gizlədilməsi kimi hallar olmur. Bunun müqabilində bir çox ölkədə bu sahəyə vergi güzəştləri tətbiq olunur. Bizim də bu qəbildən bəzi təkliflərimiz var, onların xırdalıqları müzakirə edilməlidir”, - R.Aslanlı əlavə edib.

Son xəbərlər

Orphus sistemi