Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Ukrayna parlamentinin komitə sədrini qəbul edib

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Ukrayna parlamentinin komitə sədrini qəbul edib Azərbaycanla Ukrayna arasında gömrük işi sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb
Maliyyə
31 Mart , 2015 17:09
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Ukrayna parlamentinin komitə sədrini qəbul edib

Bakı. 31 mart. REPORT.AZ/ Martın 31-də Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Bakıda səfərdə olan Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Ukrayna Ali Radasının Gömrük və vergi məsələləri üzrə Komitəsinin sədri Roman Nəsirovu qəbul edib. Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, A.Əliyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açıb, Azərbaycan-Ukrayna əlaqələrinin perspektivi böyük olduğunu deyib.

DGK sədri Azərbaycanla Ukrayna arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Azərbaycan və Ukrayna gömrük xidmətlərinin qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran DGK sədri bu baxımdan tərəflər arasında əlaqələrin inkişafı və inteqrasiyasının vacibliyini bildirib.

Daha sonra Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov çıxış edib və Azərbaycana səfər etməkdən məmnunluğunu və burada az müddətdə böyük təəssüratlar əldə etdiyini söyləyərək, həqiqətən ölkədə iqtisadi tərəqqinin şahidi olduğunu bildirib.

Qonaq iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, eləcə də kadr potensialının gücləndirilməsi, informasiya texnologiyalarının tətbiqi, əməliyyat-axtarış fəaliyyəti, “bir pəncərə” prinsipinin tətbiqi sahəsində birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdən sonra Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri R.Nəsirov Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinin fəaliyyətilə tanış olub. Ona BMT İnkişaf Proqramının Azərbaycan gömrük xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan Mərkəzin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etmək olduğu deyilib. Məlumata görə, bu görüntülər yerlərdə quraşdırılan 1 000-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir.

Qurumun yaydığı məlumata görə, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi şəxslərə dair qeydə alınan məlumatlar, o cümlədən, nəqliyyat vasitələrinin texniki göstəriciləri də onlayn şəklində “Hədəf” Mərkəzinə daxil olur. Bütün bunlar, ölkənin gömrük ərazisindəki giriş və çıxış məntəqələrində sərnişin və yükdaşımalarına gömrük nəzarətini artırmağa, həm də bu nəzarəti daha çevik və mütəşəkkil qaydada həyata keçirməyə imkan yaradır.

Son xəbərlər

Orphus sistemi