Yuxarı

Azərbaycan dövlət büdcəsinin xərcləri 9 ayda 12,5% kəsirlə icra olunub

İcmal büdcənin icrasında 2,328 mlrd. manat həcmində profisit yaranıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan dövlət büdcəsinin mədaxili 10 103,1 mln. manat, xərcləri 10 622,2 mln. manat olub, 519,1 mln. manat məbləğində büdcə kəsiri yaranıb. "Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, bu ilin ilk 9 ayında dövlət büdcəsinin mədaxili 12 098,3 mln. manat proqnoza qarşı 10 103,1 mln. manat və ya 16,5% az icra olub.

Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2% icra edilməklə dövlət büdcəsinə 4 926,3 mln. manat vəsait təmin edilib.

Həmin vəsaitin 78%-i (ötən ilin eyni dövrünə nisbətən 9,6 faiz bəndi çox) və ya 3 843,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 374,6 mln. manat və ya 10,8% çoxdur.

Cari ilin 9 ayında Dövlət Gömrük Komitəsi proqnoza 125,6% əməl edərək dövlət büdcəsinə 1 653,8 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 529,6 mln. manat və ya 47,1% çoxdur.

Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 3 260 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 2 370,5 mln. manat və ya 42,1% azdır.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 192,9 mln. manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 70,1 mln. manat vəsait daxil olub.

Xərclərə gəldikdə isə hesabat dövründə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,5% və ya 10 622,2 mln. manat icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin 9 ayında dövlət büdcəsi xərclərinin 42,5%-i və ya 4 514,0 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 406,6 mln. manat və ya 9,9% çoxdur.

Hesabat dövründə büdcə təşkilatlarının təqdim etdiyi xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

İcmal büdcənin gəlirləri isə 14 951 mln. manat, xərcləri 12 623,4 mln. manat icra olunub, nəticədə 2 327,6 mln. manat həcmində profisit yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi