"Azərbaycan Dəmir Yolları" bu il mülki məsuliyyətini sığortalamayıb

"Azərbaycan Dəmir Yolları" bu il mülki məsuliyyətini sığortalamayıb Şirkət: "Bu, çox güman ki, maliyyə çətinlikləri ilə bağlıdır"
Maliyyə
1 Sentyabr , 2016 12:35
Azərbaycan Dəmir Yolları bu il mülki məsuliyyətini sığortalamayıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarının yekununa görə, Azərbaycanda dəmir yolu, hava və su nəqliyyat vasitələrinin könüllü sığortalanmasına ümumilikdə təxminən 17,2 mln. manat xərc çəkilib. "Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 35% çoxdur.

Ümumi daxilolmaların təqribən 67%-i təyyarələrin sığortalanması hesabına formalaşıb. "Azərbaycan Hava Yolları" (ADY) QSC və "Silkway Holding" MMC-yə daxil olan aviaşirkətlər nəqliyyat vasitələrinin sığortalanmasına 11,6 mln. manat xərcləyib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və özəl şəxslər isə gəmilərin sığortalanmasına görə 5,3 mln. manat (təxminən 31%) sığorta haqqı ödəyib. Qalan təxminən 300 min manatlıq yığım isə "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus nəqliyyat vasitələrinin sığortasından daxil olub.

Hesabat dövründə nəqliyyat müəssisələri mülki məsuliyyətlərinin sığortalanmasına da 4,7 mln. manata yaxın pul qoyublar. Bu isə ötən ilin eyni dövrünə nisbətən təxminən 15% azdır. Mülki məsuliyyətə görə, daxilolmaların 4,3 mln. manatı hava nəqliyyatı, 0,4 mln. manatı isə su nəqliyyatı vasitələrinin payına düşüb.

ADY isə bu il mülki məsuliyyətini sığortalamayıb. Halbuki, ötən ilin eyni dövründə ADY-nin sözügedən məqsədlə xərci 100 min manata yaxın olub. Qurumun mətbuat katibi Nadir Əzməmmədov "Report"a açıqlamasında bunun səbəbinin çox güman ki, maliyyə çətinlikləri ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, bu ilin 7 ayı ərzində dəmir yolu nəqliyyat vasitələri ilə bağlı sığorta hadisəsi baş verməsə də, hava və su nəqliyyatı vasitələrinə görə sığorta ödənişi verilib. Belə ki, təyyarələrin sığortalanması ilə məşğul olan "Silkway Insurance" ASC ötən ay 200 min manat ödəniş edib. Şirkətdən "Report"a verilən məlumata görə, ödəniş bu il mayın 18-də Əfqanıstanda qəzaya uğramış "Silkway Airlines" MMC-yə məxsus "An-12" markalı yük təyyərəsinə görə verilib.

Su nəqliyyatı vasitələrinin sığortalanmasına görə isə sığorta şirkətləri cəmi 18 min manat ödəniş edib.

Son xəbərlər

Orphus sistemi