Azərbaycan ​Beynəlxalq Bankının kredit reytinqi artırıla bilər

Azərbaycan ​Beynəlxalq Bankının kredit reytinqi artırıla bilər Özəlləşmə gözləntiləri bankın kredit qabiliyyətinin və reytinqinin artırılmasına səbəb ola bilər
Maliyyə
23 İyul , 2015 10:12
Azərbaycan ​Beynəlxalq Bankının kredit reytinqi artırıla bilər

Bakı. 23 iyul. REPORT.AZ/ Fitch Reyting agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) maliyyə cəhətdən sağlamlaşdırılmasının onun reytinqinə müsbət təsir edə biləcəyini bildirib.

"Report"un məlumatına görə, Agentlik bildirib ki, bankın problemli aktivlərinin planlaşdırılan alımı və özəlləşmə gözləntiləri bankın kredit qabiliyyətinin və reytinqinin artırılmasına səbəb ola bilər.

Qeyd edək ki, 15 iyul tarixində Azərbaycan Prezidenti ABB-nin özəlləşdirməyə hazırlanması barədə sərəncam imzalayıb. Sərəncama əsasən "Aqrarkredit ASC" bank olmayan kredit təşkilatı dövlət zəmanəti altında istiqrazlar emissiya edəcək və emissiyadan gələn gəlirləri ABB-nin qiymətini itirmiş və ya yüksək riskli aktivlərinin alınmasına yönəldəcək.

Əgər bu proses baş tutsa ABB-nin möhkəmliyi artacaq və bu da kredit reytinqinə müsbət təsir edəcək. 2014-cü ilin sonuna çalışmayan kreditlər və vaxtı uzadılmış kreditlər ümumi kredit portfelinin müvafiq olaraq 7,2% və 6,6%-ni təşkil edib. Fitch-ə görə isə ABB-nin problemli kreditlərinin miqdarı yüksəkdir. Agentliyin hesabatında 2015-ci ilin ilk rübünün sonuna ABB-nin böyük həcmli kreditləri içərisində yüksək riskli kreditlərin payı ümumi kreditlərin 11%-i və ya 1 mlrd. manata yaxındır. Digər bir problem də 700 mln.manat həcmində köhnə veksel portfelinin aşağı keyfiyyəti ilə bağlıdır. Bu veksellər Rusiyada tamamlanması yüksək risk daşıyan inşaat layihələrinə aiddir. 2014-cü ilin sonuna problemli kreditlərin ehtiyatlarla örtülməsi 135% təşkil edirdisə, vaxtı uzadılan kreditlər, yüksək risk qrupuna aid kreditlər və veksellərlə bərabər bu miqdar ehtiyatları 3 dəfə üstələyib.

Fitch qeyd edib ki, ABB-nin ehtimal olunan özəlləşdirilməsi və problemli aktivlərinin satışı bankın kapitallaşmasını gücləndirsə, o zaman reytinqin artırılması gündəmə gələ bilər.

Son xəbərlər

Orphus sistemi