Yuxarı

​Azərbaycan bankları iri əmanətçilər üçün xüsusi təkliflər hazırlayır

Nikoil Bank bu il fiziki şəxslərdən cəlb olunan əmanətləri artırmağı planlaşdırır

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bu ildən əmanət gəlirlərinə verginin tətbiqi ilə iri müştərilərini itirməmək üçün xüsusi mexanizm hazırlayır. "Report"un verdiyi xəbərə görə, bu barədə "Nikoil Bank" ASC-nin İdarə Heyətinin sədri Vasili Xamaza bu gün ilin yekunlarına həsr olunan mətbuat konfransında məlumat verib. 

O bildirib ki, əmanətçilərin bankdan pullarını gerı götürməsi ilə bağlı məlumatlar həqiqətəuyğun deyil və hazırda bankda əksinə əmanətlərin artımı müşahidə olunur. Buna baxmayaraq, "Nikoil Bank" tutulacaq verginin məbləğini kompensasiya edə biləcək mexanizmlər hazırlayır ki, bu, həmin müştərilərin əmanətlərinə hesablanan faizlərin artmasına səbəb olacaq: "Bu yalnız iri müştərilər üçün nəzərdə tutulub. Çünki xırda və orta müştərilər onsuz da vəsaitlərini bankda saxlamaq məcburiyyətindədir. Çünki daşınmaz əmlak bazarında da qiymətlər düşür və bu, ilin ortalarında da davam edəcək. Odur ki, həmin müştərilərin itirilməyəcəyi, onların bu bazarda qalacağı gözlənilir".

Bankın sədri qeyd edib ki, "Nikoil Bank" fiziki şəxslərin əmanətlərinin həcminə görə hər zaman ilk onluqda olur: "Bank 2015-ci ildə 21 mln. manat və ya 13% artımla fiziki şəxslərin əmanətlərini 194 mln. manata çatdırmağı planlaşdırır. Ötən il bank əmanətləri üzrə planı 105% icra edib və fikzi şəxslərin əmanətləri il ərzində 34,6 mln. manat və ya 25% artaraq 173,7 mln. manata çatıb".

V.Xamaza əlavə edib ki, "Nikoil Bank" Mərkəzi Bankın məcmu kapitalın minimumu ilə bağlı tələbini ilk ödəyən banklardan biri olub və hazırda məcmu kapital 57 mln. manat təşkil edir.

Qeyd edək ki, 2015-c il yanvarın 10-da ölkə prezidentinin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, yerli banklar və xarici bankların Azərbaycandakı filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatdan çox olan hissəsindən gəlir vergisi tutulacaq. Bank əmanətləri üzrə əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi müvafiq güzəşt edilən məbləğ (illik 500 manat) nəzərə alınmaqla 2015-ci il yanvarın 1-dən sonra hesablanmış faizlərə tətbiq ediləcək. Mərkəzi Bankın hesabatına əsasən, 2014-cü ilin 11 ayında Azərbaycanda əhalinin əmanətlər üzrə faiz gəlirləri 450 mln. manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi