Azərbaycan bankları borclulara və zaminlərə qarşı qanunsuzluqda ittiham olunur

Azərbaycan bankları borclulara və zaminlərə qarşı qanunsuzluqda ittiham olunur Hakim: "Təminat məsələsinə banklarda fikir verilməyib, nəticədə, borcları almaq problemə çevrilib"
Maliyyə
25 Noyabr , 2016 11:45
Azərbaycan bankları borclulara və zaminlərə qarşı qanunsuzluqda ittiham olunur

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bəzən həm borclulara, həm də onların zaminlərinə qarşı qanunsuz addımlar atır. "Report" xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər" adlı forumun ikinci günündə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Pərviz Hüseynov deyib.

Onun sözlərinə görə, bəzən banklar vəfat etmiş şəxsin zaminindən borcu ödəməyi tələb edir ki, bu da düzgün deyil: "Doğrudur, insan vəfat edəndə bank qarşısında öhdəliyini yerinə yetirə bilmir, amma bu o demək deyil ki, həmin vəziyyətdə pulu zamin ödəməlidir. Və yaxud kredit müqaviləsinin müddətini uzadarkən, bunu zaminlə razılaşdırmırlar, halbuki onun da razılığı alınmalıdır".

"Həm borcalan, həm də zamin həmin bankdan maaş alırlar, amma nədənsə vaxtı keçmiş borc zaminin bank hesabından (maaş kartından) tutulur. Bəzən isə borclunun kartından o qədər pul tuturlar ki, vətəndaş özü banka müraciət edir ki, məni verin məhkəməyə, borcumu aylıq gəlirimin bir hissəsi olmaqla qaytarım", - deyə hakim qeyd edib.

P.Hüseynov əlavə edib ki, banklar uzun müddət kredit ayırarkən borclunun ödəniş qabiliyyətini düzgün qiymətləndirməyib: "Elə adam var ki, bir neçə banka borclu olmasına baxmayaraq, ona yenə də kredit verilib, hazırda işi məhkəmədir. Həmçinin, təminat məsələsinə banklarda fikir verilməyib, son nəticədə borcları almaq problemə çevrilib".

"Bəzən isə avtomobil kreditini ödəyə bilməyən vətəndaş maşını banka təqdim edir. Amma bəzən banklar bunu rəsmiləşdirmir və borcluya faiz, cərimə hesablanması davam edir", - deyə hüquqşünas bildirib.

Son xəbərlər

Orphus sistemi