Yuxarı

Azərbaycan bank sistemində aktivlərin artımı bərpa olunub

Son bir ayda bank kredit qoyuluşları 1%, son bir ildə isə 19% artıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi 2014-cü il noyabrın 1-nə 23,936 mlrd. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu, illik müqayisədə 4,332 mlrd. manat və ya 22,1% çoxdur.

Eyni zamanda, ilin əvvəlindən bank aktivlərinin həcmi 3,551 mlrd. manat və ya 17,4%, oktyabr ayında isə 430 mln. manat və ya 1,8% artıb. Qeyd edək ki, sentyabr ayında bu il ərzində ilk dəfə olaraq aktivlərin azalması baş verib və beləliklə, oktyabrdakı artımla aktivlər üzrə müsbət dinamika bərpa olunub.

Qeyd edək ki, sentyabrda müşahidə olunan aktivlərin azalması kredit qoyuluşlarının artması fonunda baş verib və bu səbəbdən də həmin azalma ciddi narahatlıq yaratmayıb. Göründüyü kimi, aktivlər yenidən artmağa başlayıb və bu, o cümlədən kreditlərin artması hesabına baş verib. Belə ki, kredit qoyuluşlarının həcmi oktyabrda 186 mln. manat və ya 1,1% artıb. Ümumiyyətlə, aktivlərin tərkibində bankların məcmu kredit qoyuluşları noyabrın 1-nə 17,316 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 2,758 mlrd. manat və ya 18,9% çoxdur.

Göründüyü kimi, kreditlər bank aktivlərinin 72,3%-ni təşkil edir. Ötən ilin noyabrın 1-də bu göstərici 74,3%, bu ilin əvvəlində isə 73,5% olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi