Yuxarı
    Bağlamaq

    "Azər-Türk Bank" və "ASAN Xidmət" birgə layihə həyata keçirir

    Söhbət ASAN Könüllüləri Təşkilatının üzvləri üçün 1 aylıq təlimlərdən gedir

    Bakı. 6 dekabr. REPORT.AZ/ "Azər-Türk Bank" ASC və "ASAN Xidmət"in birgə təşkilatçılığı ilə "ASAN Könüllüləri" Təşkilatının üzvləri üçün 1 aylıq təlimlərin ikinci mərhələsinə start verilib. 

    Bu barədə "Report"a bankdan bildirilib. 

    Məlumata görə, layihənin məqsədi "ASAN Könüllüləri"nin iqtisadiyyat və maliyyə üzrə təhsil almış üzvlərinin ixtisasları üzrə praktik biliklərinin genişləndirilməsinə, onların fərdi və peşəkar inkişafına dəstək olmaqdır. Layihə çərçivəsində təşkil olunan təlimlər zamanı "Azər-Türk Bank"ın əməkdaşları könüllülərin iqtisadiyyat, maliyyə, marketinq, satış texnikləri, PR və bank sektoru ilə bağlı biliklərinin artırılmasına kömək göstərir, onları maraqlandıran sualları cavablandırırlar. 

    Layihənin iştirakçısı olmuş könüllülərin təlimlərdə əldə etdikləri bilik və bacarıqlar onların şəxsi inkişafını təmin edəcək, gələcək fəaliyyətləri üçün stimul yaradacaq. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Həmçinin təlimlərdə uğurlu nəticə göstərən könüllülər "Azər-Türk Bank"da təcrübə keçmək imkanı qazanacaqlar. Bu da onların gələcək karyeraları üçün mühüm əhəmiyyət kəsb edir. 

    Təlimlərin müntəzəm şəkildə təşkil olunması nəzərdə tutulub. Qeyd edək ki, "Azər-Türk Bank" Korporativ Sosial Məsuliyyət fəaliyyətinə uyğun olaraq mütəmadi şəkildə bu kimi layihələr həyata keçirir.

    İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər-Türk Bank”ın səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi