​Avropa və ABŞ bankları arasında rəqabət güclənir

​Avropa və ABŞ bankları arasında rəqabət güclənir ABŞ bankları Avropada daha çox qazanır
Maliyyə
23 İyun , 2016 17:51
​Avropa və ABŞ bankları arasında rəqabət güclənir

Bakı. 23 iyun. REPORT.AZ/ Avropanın bank fəaliyyəti ilə əlaqədar İsveçrədə yeni qaydalar qəbul edilsə avropalı bankirlər ABŞ-dakı həmkarları ilə rəqabət apara bilməyəcəklər. "Report"un "Expert.ru" saytına istinadən verdiyi xəbərə görə, yeni qaydalar tamamilə Amerika banklarına sərf edir, çünki yeniliklər Avropa banklarının ticarət və kredit fəaliyyətinə mane olacaq. Məhz bu səbəbdən avropalı maliyyəçilər siyasətçiləri onları beynəlxalq maliyyə təşkilatlarından, xüsusilə də amerikalı banklardan qorumağa çağırıb.

Avropanın bank sektoru yaxın günlərdə Brüssel, Frankfurt, London və Parisdə baş nazirlər, maliyyə nazirləri və avrokomissarlar səviyyəsinə öz maraqlarını lobbiləşdirməyə başlayacaqlar. Onların fikrincə, yeni tətbiq olunacaq qaydalarla avropalı banklardan sonra iqtisadiyyat da ciddi zərər görəcək. Banklara nəzarət üzrə Bazel Komitəsi ilin sonuna qədər yeni Bazel-III standartlarını işləyib hazırlamalıdır. Bazel-III standartları 2008-ci il maliyyə böhranına bənzər durumların təkrar baş verməsinin qarşısının alınmasına istiqamətlənib. Avropalılar bildiriblər ki, amerikalılar Bazel təşkilatına təsir etmək gücünə sahibdirlər. Belə ki, avropalılar təşkilatda müxtəlif fikirli 30-dan artıq üzvlə təmsil olunub.

Britaniyanın "Barclays" bankının direktoru Ces Steley (Jes Staley) Frankfurt maliyyə forumunda bəyan edib ki, avropalılar qısa müddətdə qərar verməlidir: "Kapital bazarlarını kim idarə edir? Amerikalılar Avropanın maliyyə sistemində liderliyi ələ keçirməyə yaxındırlar".

Britaniyanın "Coalition" maliyyə araşdırma şirkətinin hesabatına görə, 2016-cı ilin ilk rübündə Avropada investisiya banklarının gəlirlərinin 57%-i ABŞ banklarının payına düşüb. "Goldman Sachs", "J.P.Morgan" və "Citigroup" orta hesabla "BNP Paribas", "Barclays" və "Deutsche Bank"dan 2 mlrd. dollar daha çox qazanıb. Bir neçə il əvvəl isə məcmu mənfəətin 50%-dən çoxu Avropa banklarının payına düşüb.

Avropalı bankirlərə görə, Bazel-III vəziyyəti daha da çətinləşdirəcək. Çünki o, kapitala tələbləri daha da artıracaq, bu da öz növbəsində kreditləşməni azaldacaq. Amerika bankları isə öz ölkələrində daha hegemon vəziyyətdə və daha yumşaq qaydalarla çalışır. Amerika tərəfi öz növbəsində avropalıların fikirləri ilə razı deyil. Belə ki, onlar avropalı bankirlərin rəqabət qabiliyyətinin azalmasını qeyri-effektiv biznes-modellərində və müxtəlif səhvlərdə görürlər.

Son xəbərlər

Orphus sistemi