Yuxarı

​Avropa İnvestisiya Bankı Azərbaycanda ilk kreditini ayırıb

EIB və “Access Bank” arasında 25 mln. avro həcmində kredit sazişi imzalanıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Avropa İnvestisiya Bankı (EIB) “Access Bank” QSC-yə 25 mln. avro məbləğində kredit ayırıb. "Report"un xəbər verdiyi kimi, bu barədə bu gün Bakıda keçirilən mətbuat konfransında məlumat verilib.

Kredit Azərbaycanda kiçik və orta sahibkarlıq sahəsində investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu, EIB-nin Azərbaycan banklarına ayırdığı ilk kreditdir.

Tədbirdə çxış edən “Access Bank”ın baş meneceri Maykl Hoffman rəhbərlik etdiyi bankın ölkədə kiçik və orta sahibkarlığa kredit ayıran aparıcı banklardan olduğunu bildirib: “Access Bank” Azərbaycan ərazisində mikro və kiçik biznesi maliyyələşdirən ən böyük bankdır. Biz Azərbaycanda orta və kiçik sahibkarlara 30 min dollardan 2 mln. dollara qədər pul veririk. Təxminən 2 min müştərimiz var və onlara ümumilikdə 500 mln. dollar verilib. Kredit bu il imzalanan çərçivə əməkdaşlıq sazişinin şərtləri daxilində verilib”.

EIB-nin vitse-prezidenti Vilhelm Molterer isə çıxışında Azərbaycanın bu bankdan investisiya alan 5-ci dövlət olduğunu deyib: “Bu ilin yanvar ayından etibarən çərçivə sazişi qüvvəyə minib. Avropa tərəfdaşlıq sazişinə qoşulan ölkələrdən Azərbaycan çərçivə sazisinə qoşulan 5-ci ölkədir. Azərbaycanda ilk sazişi imzalamaqdan qürur duyuram. Bu kredit vasitəsi ilə kiçik və orta sahibkarlığı, özəl sektoru dəstəkləyəcəyik. Biz infrastrukturun inkişaf etdirilməsi ilə bağlı digər maliyyə institutları ilə də əməkdaşlıqda maraqlıyıq”.

İmzalanma mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran M.Hoffman sahibkarlara ayrılacaq kreditlərin şərtlərinin hələ dəqiqləşmədiyini bildirib: “Bu kreditlər 5 il müddətinə veriləcək. Amma digər detallar hələ müzakirə edilir”.

V.Molterer isə Şərq Tərəfdaşlığı ölkələri üçün ayrılacaq kreditlərin məbləğinin qarşıdakı 7 il üçün 35 mlrd. avro olacağını açıqlayıb: “EIB-nin ayırdığı kredit vasitəsi ilə sahibkarlara verilən kreditlər ancaq qeyri-neft sektoruna ayrılacaq və burada hansısa limit qoyulmayıb. Yalnız bəllidir ki, qarşıdakı 7 ildə Şərq Tərəfdaşlığı ölkələri üçün 35 mlrd. avro kredit verilə bilər. Ölkələr üzrə konkret məbləğlə bağlı limit yoxdur, hər şey görülən işlərin keyfiyyətindən asılı olacaq”.

Xatırladaq ki, tərəflər arasında çərçivə sazişi bu ilin yanvarında imzalanıb və EIB həm dövlət, həm də özəl sektorun inkişafına kredit ayırmağı düşünür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi