Yuxarı

Asiya İnkişaf Bankının faktaraşdırıcı missiyasi Azərbaycana gəlib

Azərbaycan hökumətinin investisiya proqramı çərçivəsində 250 mln. dolların xərclənəcəyi gözlənilir

Bakı. 25 avqust. REPORT.AZ/ Asiya İnkişaf Bankının (ADB) təklif etdiyi Elektrik Enerjisinin Paylanmasının İnkişafına dair İnvestisiya Proqramı üçün kredit üzrə faktaraşdırıcı missiyası Azərbaycana gəlib. Səfər sentyabrın 7-nə qədər davam edəcək. Bu barədə "Report"a ADB-nin Bakı ofisindən məlumat verilib.

Məlumata görə, missiyaya AİB-in enerji məsələləri üzrə baş mütəxəssisi Tianhua Luo rəhbərlik edir. Missiya Azərbaycan hökuməti və "Azərişıq" ASC ilə layihənin "design", "outputs", qiyməti, maliyyələşdirmə və həyata keçirilmə planına, satınalma məsələlərinə, "safeguards" və digər məsələlərə aid olan sənədlərin müzakirəsini aparacaq.

Missiyanın gəlişi Azərbaycan ərazisində elektrik enerjisi təminatının daha da yaxşılaşdırılması, eləcə də enerji paylanmasının təkmilləşdirilməsi məqsədi ilə ADB və Azərbaycan hökuməti arasında bu ilin mayın 5-də Bakıda keçirilən ADB-nin Rəhbərlər Şurasının 48-ci illik toplantısı çərçivəsində imzalanmış anlaşma memorandumunun nəticəsidir.

ADB təklif etdiyi investisiya proqramını 750 mln. dollar məbləğində Çoxtranşlı Maliyyələşmə Mexanizmi vasitəsilə dəstəkləyəcək. Proqramın ilk mərhələsi üçün 250 mln.  dolların ayrılması nəzərdə tutulur. Vəsait elektrik xətlərin və yarımstansiyaların yenilənməsi və təkmilləşməsi, rəqəmsal elektrik sayğaclarının quraşdırılması üçün xərclənəcək. "Azərişıq" ASC-nin operator və maliyyə potensialının inkişaf etdirilməsi də proqramda nəzərdə tutulur.

Azərbaycan hökumətinin investisiya proqramı çərçivəsində 250 mln. dollar xərcləyəcəyi gözlənilir.

Qeyd edək ki, mənzil qərargahı Manilada yerləşən ADB əhatəli iqtisadi artım, ekoloji cəhətdən dayanıqlı inkişaf və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionunda yoxsulluğun azaldılmasına çalışır. Bank 1966-cı ildə yaradılıb, 48-i Asiya və Sakit okean regionundan olmaqla 67 üzv ölkədən ibarətdir. 2014-cü ildə AİB-in ümumi yardımı 22,9 mlrd. dollar olub və bunun 9,2 mlrd. dolları birgə maliyyələşdirməyə yönəldilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi