Yuxarı

ARPA antiböhran tədbirləri ilə bağlı təkliflər hazırlayır

ARPA Risklərin İdarə olunması üzrə Ekspertlər Qrupunun ilk görüşü keçirilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) Risklərin idarə olunması üzrə Ekspertlər Qrupunun ilk görüşü keçirilib. ARPA-dan "Report"a verilən məlumata görə, qrupun ilk görüşündə son dövrlər Azərbaycan, eləcə də dünya iqtisadiyyatında baş verən proseslər müzakirə edilib, fikir mübadiləsi aparılıb. Görüşdə ölkənin aparıcı bank və sığorta şirkətlərinin nümayəndələri iştirak ediblər. Qrupa sədrlik “AtaBank” ASC-nin Risk menecmenti Departamentinin direktoru Elman Sadıqova həvalə edilib.

Görüşün başlıca müzakirə mövzusu milli valyutanın ikinci devalvasiyasının bank və sığorta sektoruna mənfi təsirləri (depozit axını, problemli kreditlərin artması, xüsusilə xarici valyutada verilən kreditlərin ödənilməsi, açıq qısa valyuta mövqelərinin yaratdığı risklər, kapital adekvatlığı və digər risklər) və bu təsirlərin (risklərin) yumşaldılması üçün təkliflərin hazırlanması ilə bağlı olub. Müzakirələr nəticəsində məsələyə dair bir sıra təkliflər və mülahizələr irəli sürülüb. Bu təkliflər sənəd şəklində hazırlanaraq Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim olunacaq.

Qeyd edək ki, Risklərin idarə olunması üzrə Ekspertlər Qrupu ARPA-nın 2016-cı ildən etibarən maliyyə risklərinin idarə olunması sahəsində fəaliyyət göstərən yeni müzakirə və təhlil alətidir. Qrupun yaradılmasında əsas məqsəd maliyyə bazarında müşahidə olunan və gözlənilən aktual proseslərin təhlilinin aparılması üçün ARPA-nın korporativ üzvləri tərəfindən təyin olunan yüksək ixtisaslı peşəkarların ekspert olaraq bir qrup şəklində toplanmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi