Yuxarı
    Bağlamaq

    ARDNF-nin investisiya portfeli təsdiqlənib

    © Report.az

    Bakı. 28 dekabr. REPORT.AZ/ 2018-ci il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 60,67 milyard manata bərabər götürülüb.

    "Report" xəbər verir ki, “2018-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli fərmanı ilə təsdiq edilib.

    Fərmana görə, Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri bunlardır - qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi; Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi; Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi; Bakı–Tbilisi–Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi; “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi.

    Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (“Standard & Poor's”, “Fitch”) və ya “A2” (“Moody's”) dərəcələrindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərtilə ARDNF-in investisiya portfelinin məcmu dəyərinin 50 faizi ABŞ dollarında ifadə olunan aktivlərə; 35 faizi avroda ifadə olunan aktivlərə; 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə; 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

    ARDNF-in investisiya portfeli aşağıdakı altportfellərdən ibarətdir: borc öhdəlikləri və pul bazarları alətləri portfeli (kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları istisna olmaqla) – aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 60 faizi; səhm (pay) portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi (maksimum 5 faizə qədəri səhmlərə investisiya qoyan pay fondları olmaqla); daşınmaz əmlak portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri; qızıl portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri.

    Dövlət Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta (avro istisna olmaqla) üzrə 6 aylıq LIBOR faiz dərəcəsi əsas götürülür. ARDNF-in borc öhdəlikləri və pul bazarları alətləri portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 6 aylıq EURIBOR faiz dərəcəsi əsas götürülür. LIBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri əsas götürülə bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi