ARDNF-in investisiya portfelinin gəlirliliyi kəskin artıb

ARDNF-in investisiya portfelinin gəlirliliyi kəskin artıb 2019-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin ümumi gəlirliliyi 5,29% olub.
Maliyyə
28 Fevral , 2020 11:03
ARDNF-in investisiya portfelinin gəlirliliyi kəskin artıb

2019-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin ümumi gəlirliliyi 5,29% olub.

“Report” bu barədə Fondun hesabatına istinadən xəbər verir.

2018-ci il üzrə Fondun investisiya portfelinin ümumi gəlirliliyi 0,35% olub.

Səhm alt portfelinin 2019-cu il üzrə gəlirlilikdə töhfəsi 2,67%, istiqrazların 2,21%, daşınmaz əmlak alt portfelinin isə 0,4%təşkil edib.

İnvestisiya portfelinin alt portfellərinin fərdi gəlirliliyinə nəzər yetirdikdə səhm üzrə fərdi gəlirlilik 21,5%, istiqraz və pul bazarları alətləri üzrə 3%, daşınmaz əmlak üzrə fərdi gəlirlilik isə 7,4% olub.

“Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu il ərzində müvafiq göstərici 21,5% (özəl səhmlər daxil olmaqla) təşkil edib”, - Fonddan bildirilib.

2019-cu ilin yekunları üzrə ARDNF-in cəmi investisiya portfeli 43,323 mlrd. ABŞ dolları təşkil edib. Portfelin 56,6%-ni ABŞ dolları, 31,4%-ni avro, 5,1%-ni ingilis funt sterlinqi, 1,5%-ni yapon yeni, 1,2%-ni Çin yuanı, 0,8%-ni Türkiyə lirəsi, 0,8%-ni Rusiya rublu, 0,6%-ni Avstraliya dolları, 0,5%-ni Koreya vonu və 1,5%-ni digər valyutalar təşkil edib.

Fondun ABŞ dolları portfelinin 4,930 mlrd. dollarlıq hissəsini (11,4%) qızıl investisiyaları təşkil edir.

Fondun aktivlərində 60 mln. dəyərində Azərbaycan manatı olub.

ARDNF-in investisiya portfelinin aktivlər üzrə bölgüsündə 68,7%-i istiqrazlar və pul bazarı alətləri, 14,1%-i səhmlər, 5,8%-i daşınmaz əmlak, 11,4%-i isə qızıla investisiyalar olub.

Kredit reytinqi üzrə bölgüdə aktivlərin 42,8%-i AAA reytinqli alətlərə, 29%-i A, 16,3%-i AA, 10,5%-i BBB kredit reytinqli alətlərə investisiya edilib. Portfelin yalnız 1,4%-i qeyri-investisiya dərəcəli alətlərə investisiya edilib.

İnvestisiya portfelinin 33,8%-i Avropa, 33,76%-i Asiya-Sakit Okean regionu, 24,9%-i Şimali Amerikaya, 2,04%-i Avstraliya/Yeni Zelandiya, 0,71%-i Yaxın Şərq, 0,05%-i Latın Amerikaya investisiya olunub, 4,73%-i isə beynəlxalq təşkilatlara investisiyalar təşkil edir. Ölkələrin inkişaf səviyyəsinə görə bölgüdə portfelin 63,23%-ni inkişaf etmiş ölkələr, 32,04%-ni inkişaf etməkdə olan ölkələr və 4,73%-ni beynəlxalq maliyyə təşkilatları təşkil edir.

Qeyd edək ki, 2020-ci il yanvarın 1-nə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 mln. ABŞ dolları) nisbətən 12,48% artaraq 43 323,3 mln. ABŞ dollarına bərabər olub. Bildirilib ki, aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. 

Son xəbərlər

Orphus sistemi