​"Amrahbank" kapitalını əlavə səhm emissiyası hesabına artıracaq

​"Amrahbank" kapitalını əlavə səhm emissiyası hesabına artıracaq Bankın səhmlərinin nominal dəyərinin artırılması gözlənilmir
Maliyyə
4 Avqust , 2016 11:09
​Amrahbank kapitalını əlavə səhm emissiyası hesabına artıracaq

Bakı. 4 avqust. REPORT.AZ/ "Amrahbank" ASC nizamnamə kapitalını artırmaq üçün dövriyyəyə əlavə səhmlər buraxacaq. Bu barədə "Report"a Bankdan məlumat verilib.

Başqa sözlə, "Amrahbank"ın səhmlərinin nominal dəyərinin artırılması gözlənilmir: "Bankın təcrübəsində səhmlərin bahalaşdırılması hadisəsi olmayıb, hər zaman əlavə səhm emissiyası hesabına kapitalı artırmışıq. Çox güman ki, bu dəfə də belə olacaq".

Xatırladaq ki, "Amrahbank"ın səhmdarlarının iyulun 26-da keçirilmiş ümumi yığıncağında Bankın nizamnamə kapitalının təxminən 50% və yaxud 20 mln. manat artırılmasına qərar verilib. Bu, kapitalın 39 844 400 manatdan 59 844 400 manata çatdırılması deməkdir.

Hazırda "Amrahbank"ın dövriyyədə hər birinin nominal dəyəri 100 manat olan 398 444 səhmi var. Yəni, 20 mln. manatlıq artım üçün Bank əlavə 200 000 səhm buraxmalıdır.

Bankın nizamnamə kapitalının artırılması üçün kənar investorun cəlb edilib-edilməyəcəyi hələ məlum deyil.

Xatırladaq ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun səhmlərinin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə, 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

Son xəbərlər

Orphus sistemi