Bakı. 23 yanvar. REPORT.AZ/ Hazırda tədavüldə üzərində “Azərbaycan Milli Bankı” yazılan pul nişanları ilə yanaşı, Referendum Aktının qüvvəyə minməsindən sonra istehsal olunmuş və üzərində “Azərbaycan Mərkəzi Bankı” sözləri yazılmış 1, 5 və 100 manatlıq kağız pullar mövcuddur. Gələcəkdə digər nominallı pulların istehsalı zamanı onların da üzərində “Azərbaycan Milli Bankı” sözləri “Azərbaycan Mərkəzi Bankı” sözləri ilə əvəz ediləcək.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Bununla əlaqədar, Mərkəzi Bank bütün informasiya vasitələrini və əhalini xəbərdar edir ki, AMB tərəfindən 1 yanvar 2006-cı il tarixindən etibarən tədavülə buraxılmış bütün nominallarda milli pul nişanları üzərində “Azərbaycan Milli Bankı” və “Azərbaycan Mərkəzi Bankı” sözlərinin yazılmasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq eyni dərəcədə tədavül vasitəsidir.
Prezidentin 7 fevral 2005-ci il tarixli fərmanına əsasən, 1 yanvar 2006-cı il tarixdən tədavülə yeni nəsil pul nişanları buraxılıb və bu dövrdə istehsal olunmuş bütün nominallı kağız pul nişanlarının üzərinə “Azərbaycan Milli Bankı” sözləri yazılıb.
2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycanın bəzi qanunvericilik aktlarına, o cümlədən “Milli Bank haqqında" qanuna dəyişikliklər edilib və Qanunda “Milli Bank” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilib.
Bununla əlaqədar, qanunvericiliyə uyğun olaraq bu dövrdən sonra istehsal olunmuş kağız pul nişanlarının üzərində “Azərbaycan Milli Bankı” sözləri “Azərbaycan Mərkəzi Bankı” sözləri ilə əvəz oluub.