AMB: İnflyasiya risklərinin aktivləşməsi halında pul siyasəti sərtləşdirilə bilər

AMB: İnflyasiya risklərinin aktivləşməsi halında pul siyasəti sərtləşdirilə bilər Bakı. 28 dekabr. REPORT.AZ/ Faiz siyasəti inflyasiya üzrə hədəfdən asılı olaraq həyata keçiriləcək.
Maliyyə
28 Dekabr , 2018 10:38
AMB: İnflyasiya risklərinin aktivləşməsi halında pul siyasəti sərtləşdirilə bilər

Bakı. 28 dekabr. REPORT.AZ/ Faiz siyasəti inflyasiya üzrə hədəfdən asılı olaraq həyata keçiriləcək.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən xəbər verir.

Bəyanatda bildirilir ki, faiz dəhlizinin parametrləri haqda qərar ölkədə gedən makroiqtisadi proseslər, tsikl göstəricilərinin dinamikası, son proqnozlar və risklər balansında baş verən dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək.

“İnflyasiyanın effektiv idarə olunmasından asılı olaraq monetar şəraitin normallaşdırılmasının davam etdirilməsi mümkündür. Bununla belə faiz dəhlizinin parametrləri tənzimlənərkən milli valyutada yığımların cəlbediciliyinin qorunması və kredit qoyuluşlarının inflyasiya artımına yol verilməməsi kimi amillər də nəzərə alınacaq. İnflyasiya risklərinin aktivləşməsi halında pul siyasətinin sərtləşmə istiqamətində də dəyişməsi mümkündür.”

Mərkəzi Bank iqtisadi subyektlərin inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəldilmiş tədbirlərini davam etdirəcək. Bunun üçün pul siyasətinin effektiv kommunikasiyası və şəffaflıq səviyyəsinin yüksəldilməsi diqqətdə saxlanılacaq. Kommunikasiya effektinin gücləndirilməsindəki rolunu nəzərə alaraq iqtisadi və maliyyə maariflənməsinin yüksəldilməsi istiqamətində tədbirlər də davam etdiriləcək.

Qeyd edək ki, 2019-cu ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla 1 fevral,15 mart, 26 aprel, 7 iyun, 26 iyul, 13 sentyabr, 25 oktyabr, 13 dekabr tarixlərində ictimaiyyətə təqdim ediləcək. Qeyd olunan tarixlərdən 1 fevral, 26 aprel, 26 iyul və 25 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşaiyət olunacaq. 

Son xəbərlər

Orphus sistemi