Yuxarı
    Bağlamaq

    AMB: Manatın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlir

    AMB ilin sonuna məzənnə proqnozlarını açıqlayıb© Report

    Bakı. 22 iyun. REPORT.AZ/ Bu ilin sonuna qədər Azərbaycan manatının məzənnəsinin sabitliyini təmin edən qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində hər hansı əhəmiyyətli dəyişikliklər proqnozlaşdırılmır.

    "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

    Cari ilin I rübündə tədiyyə balansında müsbət dəyişikliklər baş verib, ötən ilin müvafiq dövrü ilə müqayisədə kəsir (-2,5 mlrd. dollar) profisitlə (0,7 mlrd. dollar) əvəz olunub. Son 5 ayda xarici ticarət balansının profisiti ötən dövrlə müqayisədə 2 dəfə yüksəlib. Bu dövrdə həm neft, həm də qeyri-neft ixracı artıb, qeyri-neft idxalı isə azalıb.

    Üzən məzənnə rejiminə keçdikdən sonra son 4 ayda valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələyir, manatın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlir.

    AMB-nin məlumatında bildirilir ki, pul kütləsinin hədəflənməsi şəraitində Mərkəzi Bank ötən dövrdə çevik monetar siyasət həyata keçirib. Qəbul edilmiş pul proqramı çərçivəsində üzən məzənnə rejiminə keçidlə əlaqədar gözləntiləri nəzərə almaqla ilin əvvəlində AMB pul bazasını məhdudlaşdırıb, manatın məzənnəsinin sabitləşməsindən sonra pul kütləsinin həcmini bərpa edib.

    İqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə AMB müxtəlif müddətli (1 günlük, 7 günlük, 14 günlük, 28 günlük) pul siyasəti alətlərini aktiv saxlayıb. Bu dövrdə maliyyə bazarlarında pulun dəyəri başlıca olaraq Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində formalaşıb.

    Bütövlükdə həyata keçirilən monetar siyasət iqtisadiyyatda likvidliyin idarə olunmasını və ödəniş sisteminin stabil fəaliyyətini təmin edib.

    Cari ildən iqtisadi artımın daha da yüksəlməsi əhəmiyyətli dərəcədə nəzərdə tutulan struktur islahatların sürətlənməsindən, xalis xarici tələbin genişlənməsi imkanlarından, investisiya aktivliyinin, o cümlədən maliyyə vasitəçilyinin bərpasından asılı olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi