Yuxarı

AMB: Əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi ilə bağlı iş aparılır

Mərkəzi Bank: Növbəti devalvasiya ilə bağlı yayılmış şayiələr əsassızdır

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) manatın ABŞ dollarına qarşı məzənnəsinin növbəti dəfə devalvasiyası ilə bağlı yayılmış şayiələrlə əlaqədar bildirir ki, bu şayiələrin heç bir əsası yoxdur.

"Report"un Mərkəzi Bankın yaydığı məlumata əsasən verdiyi xəbərə görə, manatın məzənnəsi bəyan olunmuş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında formalaşır. AMB valyuta bazarında hərraclar vasitəsilə valyuta satışı ilə iştirak edir.

Həmçinin bildirilir ki, bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi, o cümlədən əhalinin əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə daha geniş və kompleks tədbirlər üzərində iş aparılır. Qəbul ediləcək qərarlar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək: "Mərkəzi Bank situasiyaya uyğun olaraq prudensial tənzimləmə çərçivəyə, eləcə də normativ xarakterli aktlara dəyişikliklər etməyə davam edəcək. Bütün dəyişikliklər barədə ictimaiyyət ətraflı məlumatlandırılacaq. Bundan əlavə bildiririk ki, banklar tərəfindən bütün kreditorlar, o cümlədən əhali qarşısında öhdəliklər müqavilə şərtlərinə uyğun olaraq və hər hansı məhdudiyyət olmadan icra olunur".

Bildirilib ki, daha çevik tənzimləmə rejiminin tətbiqi məqsədilə Mərkəzi Bankın bir sıra normativ xarakterli aktlarına dəyişikliklər edillib. "Bank kapitalının və onun adekvatlığının hesablanması” və “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları"na edilmiş dəyişikliklər bankların topladığı əhəmiyyətli maliyyə ehtiyatlarını daha səmərəli və çevik istifadə etməsinə imkan verəcək.

Bundan başqa, AMB tərəfindən “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları" yeni redaksiyada qəbul edilib. Qaydaların tələblərinə görə, mübadilə şöbəsində bir müştəriyə 500 dollara ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Bu tələb əvvəllər də mövcud idi və yeni tələb yalnız limitin 5 000 dollardan 500 dollaradək endirilməsi ilə əlaqədardır. Bu tələblə aparılan valyuta əməliyyatlarının həcmi məhdudlaşdırılmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi