Bakı. 21 yanvar. REPORT.AZ/ İcbari Sığorta Bürosunun iştirakçısı olan “Alfa Sığorta” ASC yanvarın 21-də "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların Reyestrinə daxil edilib. "Report" bu barədə İcbari Sığorta Bürosunun yaydığı məlumata istinadən xəbər verir.
“Alfa Sığorta”nın avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə lisenziyası 18 yanvar tarixdən etibarən bərpa edilib.
Qeyd edək ki, qonşu ölkələrdən İran və Türkiyə ilə Azərbaycan arasında ikitərəfli sazişlərin qüvvəyə minmə tarixi müəyyən olduğu üçün "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar yanvarın 1-dən etibarən yalnız Türkiyə və İrana münasibətdə Azərbaycan "Yaşıl Kart"larını rəsmiləşdirə bilirlər. İSB-nin Avropa İqtisadi Zonasına daxil olan ölkələrlə bağladığı sazişlərin qüvvəyə minmə tarixi isə Bürolar Şurasının qərarına əsasən 2016-cı il fevralın 18-dən sonra bildiriləcək.