​"AGBank" yeni əmanət növünü təqdim edib

​"AGBank" yeni əmanət növünü təqdim edib Bank yaxın günlərdə yeni məhsullar təqdim edəcək və bir sıra innovativ layihələr həyata keçirəcək
Maliyyə
18 May , 2016 18:02
​AGBank yeni əmanət növünü təqdim edib

Bakı. 18 may. REPORT.AZ/ "AGBank" ASC yeni “Sərfəli əmanət” növünü təqdim edib. Bank fiziki şəxslərin manatla yerləşdirilən müddətli əmanətlərinə daha yüksək faiz dərəcəsi tətbiq edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, indi əmanətlər üzrə maksimal faiz dərəcəsi illik 12%-lə hesablanır. Bank minimum 3 ay, maksimum 12 ay müddətlə 100 AZN/USD/EUR-dan başlayaraq istənilən məbləğdə depozit yerləşdirmək imkanı verir. Müddətin ilk yarısınadək əlavə vəsaitin qoyuluşuna imkan verilir və faizlər aylıq ödənilir.

Yeni “Sərfəli Əmanət”lə müştərinin istəyi ilə əmanət üzrə faizlərin ödənişi üçün pulsuz "Maestro" (depozit) kartı və ya əmanətin məbləğindən asılı olaraq pulsuz plastik kart və "SMS Banking" xidmətinə qoşulma rəsmiləşdirilir. Eyni zamanda, "AGBank"a qoyulmuş depozitlər Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun olaraq sığortalanır.

Qeyd edək ki, 2016-cı il fevralın 1-dən etibarən 3 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib.

1992-ci ildə təsis olunan “AGBank” ASC ötən ay nizamnamə kapitalını 77,2 mln. manat artırıraq 102,2 mln. manata çatdırıb. Hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 71 bankomatla xidmət göstərir. Bank yaxın günlərdə müştərilər üçün yeni məhsullar təqdim etməklə yanaşı bir sıra innovativ layihələr də həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi